Azərbaycanın Sənaye Portalı

Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ). XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.

Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq XİZ fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılıması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi məqsədilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində mühüm işlər görülmüşdür. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilmiş, təhlillər aparılmış və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda XİZ-lərin təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır.

Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, iri istehsalat obyektlərinin fəaliyyəti üçün zəruri tranzit xidmətlərinin təşkil olunması və digər əlaqəli xidmətlərin inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması baxımından Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun hesab edilmişdir.

Bununla əlaqədar olaraq, xüsusi iqtisadi zonaların yaradılması üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri bilinmiş, Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncam imzalanmışdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli 2940 nömrəli və “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli sərəncamları ilə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə müvafiq İşçi Qrup yaradılmış və Milli Məclisin inzibati binasında mütəmadi olaraq işçi qrupun iclasları keçirilmişdir.

İşçi qrup tərəfindən həyata keçirilən tədbirlərin nəticəsi olaraq, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanunu qəbul olunmuş və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərman imzalanmışdır.

2018-ci ilin 14 may tarixidə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olmuşdur.

Adıçəkilən sərəncamlardan irəli gələn məsələlərin icrası məqsədilə hazırda bu istiqamətdə müvafiq işlərin görülməsi davam etdirilir.