Azərbaycanın Sənaye Portalı

Ölkəmizdə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsini yüksəltmək, dövlət-sahibkar münasibətlərini daha da təkmilləşdirmək, sahibkarlar tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərə dair edilən müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq və operativliyə nail olmaq, bununla da sahibkarlıq subyektlərinin lazımi iqtisadi və hüquqi informasiya ilə təminatını yaxşılaşdırmaq məqsədilə İqtisadiyyat Nazirliyinin Telefon Məlumat Mərkəzi yaradılmış və 1 sentyabr 2009-cu il tarixdən "195-2" prefiks nömrə ilə fəaliyyətə başlamışdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edən "195 Çağrı Mərkəzi" yaradılmış və 4 fevral 2015-ci il tarixdən fəaliyyətə başlamışdır.

"195 Çağrı Mərkəzi"nin xidmətlərindən istifadə etmək üçün bütün stasionar və mobil nömrələrdən birbaşa olaraq "195" nömrəsinə zəng etmək olar. Daha sonra menyunun köməkliyi ilə və ya birbaşa "2" düyməsini seçməklə İqtisadiyyat və Sənaye Nazirliyinin Telefon Məlumat Mərkəzinə daxil olmaq və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müvafiq qaydada müraciət etmək olar. Ölkəmizin istənilən ərazisindən stasionar (kənd, qəsəbə, şəhər) nömrələrdən birbaşa "195" nömrəsinə edilən zənglər, o cümlədən Telefon Məlumat Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Dövlət qurumlarında Çağrı Mərkəzlərinin fəaliyyətinin vahid tələblərə uyğun olaraq tənzimlənməsinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 25 fevral 2015-ci il tarixli 50 saylı Qərarı ilə "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları" təsdiq edilmişdir. Hazırda İqtisadiyyat Nazirliyinin Telefon Məlumat Mərkəzinin fəaliyyəti bu qaydaların tələblərinə uyğun olaraq qurulur.