Azərbaycanın Sənaye Portalı

Yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 17 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli 877 nömrəli Fərmanı və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 878 nömrəli Fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılmış, sənaye istehsalı ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır.

İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə aiddir:

- mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma;

- torpaq və əmlak vergisindən tam azadolma;

- layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma.

2019-cu ilin 14 iyun tarixinədək 328 sahibkarlıq subyektinə 382 investisiya təşviqi sənədi təqdim olunmuşdur.