Azərbaycanın Sənaye Portalı

2004-cü ildən etibarən Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu ildən icrasına başlanılan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının və eləcə də digər məqsədyönlü tədbirlərin nəticəsində sənaye istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər həlli istiqamətində əhəmiyyətli işlər görülmüş, sənayenin infrastruktur təminatı xeyli yaxşılaşdırılmışdır. Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə, neft-qaz hasilatı, neft emalı və neft-kimya sahələrinin inkişafına, alternativ enerji qurğu və avadanlıqlarının, alüminium emalı, gəmi istehsalı və müdafiə sənayesi müəssisələrinin yaradılmasına yönəldilmişdir. Bununla yanaşı ölkədə əlverişli biznes investisiya mühiti yaradılmış, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi və zərurət yarandığı təqdirdə dövlətin bu layihələrdə pay iştirakı təmin edilmişdir.

Son illərdə ölkə iqtisadiyyatında sənaye sektorunun inkişafı təmin olunmuş və sənayedə yaradılmış əlavə dəyərin həcmi 2012-ci ildə də 27 milyard manata çatmış, onun ÜDM-in strukturundakı payı 50% təşkil etmişdir.

Düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da mövcud sənaye potensialından səmərəli istifadə imkanlarının genişləndirilməsinə şərait yaratmışdır. Azərbaycan sənayesinin inkişaf etmiş sahələrindən biri olan mədənçıxarma sahəsinin ümumi sənaye buraxılışındakı payı 2013-cü ildə 74% təşkil etmişdir. Mədənçıxarma sənayesi daxilində qabaqcıl sahə xam neft və təbii qazın hasilatıdır ki, bu sahədəki istehsal həcmi 2003-cü il ilə müqayisədə 10,8 dəfə artaraq 2013-cü ildə 24 milyard manata çatmışdır.

Uğurlu sosial-iqtisadi siyasət iqtisadiyyatın digər sektorlarının da inkişafına öz müsbət təsirini göstərmiş, o cümlədən qeyri-neft sənayesi sektorunda iqtisadi aktivlik artırmışdır. Əldə edilmiş nailiyyətlər Azərbaycan sənayesinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirmiş, son 10 ildə sənayenin 2,7 dəfə, qeyri-neft emalı sənayesinin isə 2,3 dəfə artmasına nail olunmuşdur. Sənayeləşmə çərçivəsində ardıcıl həyata keçirilən tədbirlərin nəticəsidir ki, sənayenin müxtəlif sahələrində artım templəri müşahidə olunmuş, 2003-ci illə müqayisədə 2013-cü ildə metallurgiya sənayesi 2,2 dəfə, hazır metal məmulatları istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, qida məhsullarının istehsalı 30%, geyim istehsalı 2,2 dəfə, dəri, dəri məmulatları və ayaqqabı istehsalı 62%, rezin və plastmas məmulatlar istehsalı 69%, tikinti məmulatlarının istehsalı 2,5 dəfə artmışdır. 2013-cü ildə emal sənayesində 2003-cü illə müqayisədə 3 dəfədən çox və ya 6,8 milyard manatlıq məhsul istehsal edilmişdir.

Ümumilikdə son illərdə həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin diversifikasiyası genişləndirilmiş və bu sahədə yeni  güclər istifadəyə verilmişdir. Belə ki, qısa müddət ərzində qeyri-neft sənayesində ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılmışdır.

Son illərdə ölkə iqtisadiyyatında sənayenin inkişafı baxımından əhəmiyyətli sənaye müəssisələrinin yaradılması və yenidən qurulması sahəsində mühüm işlər görülmüşdür. Qaradağda sement zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda sement zavodlarının tikilib istifadəyə verilməsi, Gəncədə alüminium istehsalı kompleksi, Gəmiqayırma zavodunun fəaliyyəti, Daşkəsən və Gədəbəydə qızıl-mis emalı, Sumqayıtda polad borular, Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması ölkədə sənayenin növbəti mərhələdə daha dərin şaxələndirmə siyasətinin həyata keçilməsinə geniş imkanlar yaradır. Bununla yanaşı, Sumqayıtda neft-kimya sahəsində aparılan müasirləşdirmə işləri, karbamid zavodunun təməlinin qoyulması da gələcəkdə qeyri-neft sənayesinin diversifikasiya olunmasına töhfə verəcəkdir.

Ölkədə qeyri-neft sənayesinin əsas həlqələrini formalaşdıran maşınqayırma və avadanlıq istehsalı istiqamətində də ciddi nailiyyətlər əldə edilmişdir. Belə ki, Naxçıvanda avtomobil zavodlarının yaradılması, Gəncədə traktor istehsalı ölkədə müvafiq nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, Hacıqabulda seramik məmulatlar, dəqiq maşınqayırma və İKT sahəsində Şamaxı, Gəncə və Mingəçevirdə elektron avadanlıqları zavodları qurulmuşdur. Bununla yanaşı, Qaradağda metal konstruksiyalar, Mingəçevirdə beton dayaqlar və ölkənin digər bölgələrində müxtəlif çeşidli məhsullar istehsal edən yeni zavodlar istifadəyə verilmişdir.

Müasir dövrdə ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsinə müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynamaqdadır. Yeni yaradılan Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən və müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavodlar qeyri-neft sənayesinin inkişafı ilə yanaşı, iqtisadiyyatın diversifikasiyasına xüsusi töhfə verməkdədir. Qeyd olunanlarla yanaşı, Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları qurulmuş və bu ərazidə təkrar istehsalı inkişaf etdirmək məqsədilə sənaye parkı yaradılmışdır.

Eyni zamanda, alternativ və bərpa olunan enerji potensialının mövcudluğu ölkənin enerji mənbələrinin diversifikasiyası, atmosferə atılan tullantıların azaldılması ilə yanaşı, ölkədə enerji istehsalı üçün generator və qurğuların istehsalı baxımından da mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar Sumqayıt şəhəri yaxınlığında günəş panelləri istehsal edən zavod fəaliyyətə başlamışdır.

Sənayeləşmə çərçivəsində ölkəmizdə yeni yaradılan istehsal sahələrindən müdafiə sənayesinin qurulmasını xüsusi qeyd etmək lazımdır. Qısa müddət kəsimində bu sahədə 50-yə yaxın yeni istehsal sahəsi yaradılmış və 900-dən çox çeşiddə müdafiə təyinatlı məmulatların istehsalı təşkil olunmuşdur. Müdafiə sənayesi müəssisələri tərəfindən hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunmuşdur ki, onların həcmidə son illərdə 2 dəfə artırılmışdır.

Ötən 10 ildə yüngül sənaye sektoru üzrə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Yevlax, Quba və ölkənin digər bölgələrində yaradılmış tekstil, mebel və başqa bu kimi əhalinin tələbatı baxımından vacib istehsal müəssisələri tikilib istifadəyə verilmişdir. Ölkədə əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması çərçivəsində İmişlidə şəkər zavodu, Abşeronda Duz zavodu, Ağcabədidə süd və süd məhsulları kombinatı, Qəbələdə, Xaçmazda konserv zavodları, Oğuzda, Şəkidə, Ağsuda və digər bölgələrdə yeni və müasir avadanlıqlarla təchiz olunmuş qida sənayesi müəssisələri fəaliyyətə başlamışdır.