Azərbaycanın Sənaye Portalı

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın iqtisadi, sosial və mənəvi həyatında tarixi bir mərhələ başlandı. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə ölkəmizdə yeni ictimai-siyasi ab-hava, yüksək sosial-iqtisadi inkişaf, sabaha böyük inam yarandı. 1969-cu ildən Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılmasına, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsinə, xalqın rifahının yüksəldilməsi prosesinə start verildi. Dahi siyasət xadiminin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, sənayenin bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələndi.

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sahələri istifadəyə verildi. Bu dövrdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi istehsal sahələri yaradıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı.

1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev bu sahənin inkişaf konsepsiyasının əsasını qoydu. Ulu Öndərin konsepsiyasında nəzərdə tutulduğu kimi “Kimyasənaye” İstehsalat Birliyində 1970-ci ildən başlayaraq istehsalat sahələrində avadanlıqların yenilənməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü. 1975-ci ildə yeni sulfanol istehsalı kompleksi istismara verildi. 1971-ci ildə sintetik kauçuk zavodunda illik gücü 15 min ton olan butil-kauçuk istehsalı işə salındı və müəssisə keçmiş SSRİ-də bu tip kauçuk istehsal edən yeganə müəssisəyə çevrildi. 1981-ci ildə ən müasir texnologiyaya və yüksək istehsal gücünə malik etilen və propilen istehsalı üçün nəzərdə tutulmuş “EP-300” kompleksinin inşasına başlanıldı. 1980-ci illərin əvvəllərində “EP-300” istehsalatının texnoloji tsiklini tamamlayan ən müasir texnologiyaya və polietilen istehsalı üzrə yüksək məhsuldarlığa malik olan “Polimir-120” kompleksi istismara verildi. Ümumilikdə, respublikanın kimya müəssisələrinin bir çox yeni istehsalat sahələrinin genişləndirilməsi, nəhəng kimya komplekslərinin yaradılması, onların sayəsində əldə edilmiş uğurlar və böyük iqtisadi səmərə bilavasitə dahi siyasət korifeyi Heydər Əliyevin adı ilə bağlıdır.

Neft sənayesinin ölkə iqtisadiyyatındakı rolunu nəzərə alan Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin modernləşdirilməsini təmin etmişdir. Azərbaycanın neft yataqlarından 1972-ci ilin əvvəllərinədək artıq bir milyard ton neft çıxarılmışdı. Neftayırma zavodlarında neftin ilkin emalı üçün yeni qurğular işə salındı və bu, müəssisələrdə 90 adda müxtəlif məhsulların istehsalına şərait yaratdı.

Bu illərdə Azərbaycanın neftmaşınqayırma zavodlarında da əsas sahələr yenidən quruldu, yeni istehsal sahələri işə salındı. 70-ci illərdə Cənubi Qafqazda ən iri poladtökmə zavodu tikildi və istifadəyə verildi. 1985-ci ildə Dərin Dəniz özülləri zavodu ilk məhsulunu istehsal etdi. 90-cı illərin əvvəllərində SSRİ-də istehsal olunan neftçıxarma texnikasının böyük hissəsini Azərbaycan verirdi. Neftmaşınqayırma sahəsində Azərbaycan ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu.

Cihazqayırma sahəsində də yeni müəssisələr yaradıldı. Bakıda “Ulduz” elektrik cihazqayırma, 1973-cü ildə “Ozon” zavodu, 1971-ci ildə Sumqayıtda məişət kompressorları zavodları istifadəyə verildi. 1975-ci ildə SSRİ-də ilk dəfə Bakıda məişət kondisionerləri zavodu fəaliyyətə başladı.

Əgər XIX əsrin ortalarından 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatdırıldı. Bu illərdə sənaye məhsulunun orta illik artımı 7,9%-ə yüksəldi. 1920-ci illə müqayisədə 1982-ci ildə Azərbaycanda sənaye məhsulu istehsalının həcmi 187,9 dəfə artdı. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda 11 elektrik stansiyası tikilib istifadəyə verildi. Bununla da, elektrik enerjisi istehsalı iki dəfəyə qədər artdı və Azərbaycanın enerji müstəqilliyi təmin olundu.

Bundan başqa, 1970-1982-ci illərdə Cənubi Qafqazın ən iri poladtökmə zavodu, Gəncədə əlvan metallar zavodu, Ələtdə ağac emalı kombinatı, Naxçıvanda və Sumqayıtda şüşə zavodu və s. sənaye müəssisələri istifadəyə verildi. Bir sözlə, 1969-cu ildən sonra ölkə sənayesindəki yüksək nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti sahəsində qazanılmışdır.

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda yaranmış siyasi böhran, yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, ölkənin iqtisadi blokadaya alınması digər sahələrdə olduğu kimi, sənaye sahəsində də geriləməyə səbəb oldu. Sənaye istehsalının azalması kəskin xarakter aldı, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10%, 1992-ci ildə 37%, 1993-cü ildə 50%-ə qədər azaldı. Belə bir şəraitdə, xalqın istəyi ilə Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi ölkəmizin iqtisadi həyatında, həmçinin sənaye sahəsində taleyüklü dəyişikliklərin əsasını qoydu.

1970-1980-ci illərdə Azərbaycanda sənaye potensialının yaradıcısı olmuş Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ölkə iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin dirçəldilməsi ilə bağlı tədbirlər həyata keçirməyə başladı.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına nail olundu. Bununla yanaşı, Azərbaycan qazının qərb bazarına ixracının təmin olunması üçün Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.

Neft maşınqayırmasının inkişaf etdirilməsi də Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə həyata keçirilmiş ən mühüm tədbirlərdən biri 2001-ci ildə özündə 17 zavodu, 4 elmi-tədqiqat institutunu birləşdirən “Azneftkimyamaş” Səhmdar Cəmiyyətinin yaradılması olmuşdur.

Eyni zamanda, elektroenergetika, elektrotexnika, maşınqayırma, avtomobilqayırma sahələrinin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmişdir. Elektroenergetika sənayesinin inkişafını təmin etmək məqsədilə bu sahəyə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilmiş, bunun sayəsində Şimal DRES və Yenikənd su elektrik stansiyaları tikilib istifadəyə verilmişdir.

Azərbaycanın bütün sənaye sahələrinin dinamik, kompleks inkişafı məqsədilə özünün geniş proqramını həyata keçirən Heydər Əliyev ölkə sənayesinin sürətli tərəqqisinə, onun potensialının güclənməsinə nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Bu gün Azərbaycanda sənayenin elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı dahi korifeyin adı ilə bağlı olmasın. Azərbaycan sənayesinin formalaşmasında Ulu Öndərin xidmətləri misilsizdir.