Azərbaycanın Sənaye Portalı

Rekvizitlər:

Bakı

“Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Demirchi Tower”, 20-ci mərtəbə, Xocalı pr. 37, AZ1025, Bakı, Azərbaycan.
 

Sumqayıt

“Sumqayıt Kimya Sənaye Parkı” MMC,
Kimyaçılar küç., 1, AZ 5002, Sumqayıt, Azərbaycan.
Tel.: (+994 12) 488 80 65
Faks: (+994 12) 488 80 64
E-mail: office@scip.az
Veb-sayt: www.scip.az
 

Yaradılması:

Sumqayıt Kimya Sənaye Parkı “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.

İdarəedici təşkilat:

Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ərazi:

Sumqayıt Kimya Sənaye Parkının ərazisi 466,37 hektar təşkil edir. “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 fevral tarixli 47s nömrəli və Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2012-ci il 7 mart tarixli 59 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin istifadəsinə verilmişdir. “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 aprel tarixli 396 nömrəli Sərəncamı ilə 127,96 hektar torpaq sahəsi icarəyə vermək hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə ayrılmışdır. “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 yanvar tarixli 2625 nömrəli Sərəncamı ilə Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə ayrılmışdır.

Rezidentlər:

Sumqayıt Kimya Sənaye Parkının hazırda 16 rezidenti var:

“Azertexnolayn” MMC 20 fevral 2012-ci il tarixində “Hidromakina” MMC adı altında yaradılmışdır. 23 avqust 2013-cü il tarixdən adı dəyişdirilərək “Azertexnolayn” MMC kimi fəaliyyət göstərir. 23 sentyabr 2013-cü il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Müəssisə Sənaye Parkının 23,67 ha torpaq sahəsində Türkiyə, Almaniya, Yaponiya və Çin texnologiyası əsasında ildə 75 min ton müxtəlif diametrli polad borular, 6,5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar və 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edir.

Müəssisədə 767 iş yerinin açılması nəzərdə tutulur. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azertoxnolayn” MMC-nin 3 zavodu – Polad Boru Zavodu, Polietilen Məmularları Zavodu və Texniki Avadanlıqlar Zavodu fəaliyyət göstərir.

“SOCAR Polymer” MMC 16 iyul 2013-cü ildə yaradılmışdır. 23 sentyabr 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Şirkət Sumqayıt Kimya Sənaye Parkının 35 ha torpaq sahəsində ildə 180 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen (HDPE) istehsal edəcəkdir.

Müəssisədə yerli xammaldan, Sumqayıtda istehsal olunan propilen və etilendən istifadə edəcəkdir.

Layihə üzrə 300 nəfər daimi iş yeri ilə təmin olunacaqdır. Layihənin tikinti mərhələsində 2622 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

“AzerFloat” QSC 18 mart 2014-cü ildə yaradılmışdır. 18 dekabr 2014-cü il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Şirkət Sənaye Parkının 12 ha torpaq sahəsində Float texnologiyası (isti vannada yayma) əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək Vərəqə Şüşə İstehsalı Zavodunun inşası nəzərdə tutulur.

Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz edilməsi dünyada şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin ediləcəkdir.

Layihə çərçivəsində 180 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulmuşdur.

“Azerbaijan Fibro Cement” MMC 31 yanvar 2013-cü ildə yaradılmışdır. “Azerbaijan Fibro Cement” MMC “Synergy Group” ASC-yə daxildir. 5 fevral 2015-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Müəssisə sənaye parkının 9 ha torpaq sahəsində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın “MFL” şirkəti tərəfindən təmin ediləcəkdir.

Layihə çərçivəsində 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulmuşdur.

“Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” MMC (“Baku Non Ferrous and Foundry Company” MMC) 5 oktyabr 2015-ci ildə yaradılmışdır. 19 fevral 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Şirkət Sənaye Parkının 5 ha torpaq sahəsində ildə 20 min ton ferrosilisium (FeSi) və 36 min ton ferrosilikomanqan (FeSiMn) istehsal edəcək Ferroərintilər Zavodunun inşası nəzərdə tutulur.

Layihə çərçivəsində 72 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulmuşdur..

“Silisium və Kalsium İstehsalat Müəssisəsi” MMC 2005-ci ildən Azərbaycanda fəaliyyətə başlamışdır. 15 mart 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Müəssisə Sənaye Parkının 1,5 ha torpaq sahəsində illik istehsal gücü 5 min ton olan inşaat qatqıları üçün xammal və hazır məhsul istehsalını həyata keçirəcək zavod inşa edəcək.

Layihə çərçivəsində 60 daimi iş yerinin açılması nəzərdə tutulur. Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən “Sikament 300”, “Sikament FF5” və “Sigunit L25” kimi maddələrin Azərbaycana illik idxalı təxminən 800-1000 ton təşkil edir. Bu maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz edən yerli məhsulların istehsalına imkan yaradacaq, məhsullarda xarici komponentlərdən istifadəni azaldacaq.

İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” 1910-cu ildə yaradılıb və dünyanın 80 ölkəsində 150 fabriki fəaliyyət göstərir.

“MST Engineering Services” MMC 2011-ci ildə yaradılıb və “MST Group” şirkətinə daxildir. 14 mart 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Müəssisə Sənaye Parkının 2 ha torpaq sahəsində ABŞ-ın "Parker Hannifin" şirkəti ilə birgə ildə 30 min ədəd müxtəlif növ və çeşiddə yüksək təzyiqə davamlı xortum və fitinqlərin yığılması və istehsalını həyata keçirəcək.

İstehsal olunan avadanlıqlar kimya, maşınqayırma, metallurgiya, neft-qaz, tikinti və qida sənayesində istifadə olunacaq. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 40 nəfər işlə təmin olunacaq. Zavodda istehsal ediləcək məhsullar daxili tələbatı ödəməklə yanaşı, MDB ölkələrinə ixrac olunacaq.

“Aqrokimya Azərbaycan” MMC 12 aprel 2016-cı ildə yaradılmışdır. 13 iyun 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Şirkət Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin – bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsulların istehsalını və satışını həyata keçirəcək.

“Aqrokimya Azərbaycan” MMC Sənaye Parkının 18,3 ha torpaq sahəsində ildə 57 min ton maye halında və 1 min ton toz halında pestisidlər istehsal edən müəssisə inşa ediləcək.

Layihə çərçivəsində 100 nəfər insan daimi iş yeri ilə təmin olunacaq.

“Alco Lubricant” MMC 5 may 2016-cı il tarixində yaradılmışdır. 29 iyul 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağlarını istehsal edəcəkdir.

İstehsal ediləcək yüksək keyfiyyətli və rəqabətədavamlı sintetik və yarı-sintetik yağların yerli bazarda satılmaqla yanaşı, bir qisminin də Almaniya, Türkiyə, Gürcüstan və MDB ölkələrinə ixrac edilməsi nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində 60 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulmuşdur..

“STDC” MMC-yə 31 mart 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Şirkət Sumqayıt Kimya Sənaye Parkının 3,3 ha torpaq sahəsində ABŞ texnologiyası əsasında məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsini həyata keçirən müəssisə inşa edəcəkdir.

İstehsal ediləcək məhsullar yerli bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac edilməsi nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulmuşdur.

“Azərxalça” ASC-yə 11 sentyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Şirkət Sumqayıt Kimya Sənaye Parkının 6,4 ha torpaq sahəsində İtaliya, Fransa, Türkiyə kimi ölkələrin  texnologiyası əsasında ildə  250 ton iplik və 400 ton təmiz yun istehsal edəcəkdir.

İstehsal ediləcək məhsul bazarda satılmaqla yanaşı, bir qisminin də Avropa ölkələrinə ixrac edilməsi nəzərdə tutulmuşdur.

Müəssisədə 100 iş yerinin açılması nəzərdə tutulur.

“STP” MMC 3 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almışdır.

Müəssisə Sumqayıt Kimya Sənaye Parkının 156,7 ha torpaq sahəsində Almaniya, Yaponiya, Çin kimi ölkələrin  texnologiyası əsasında müxtəlif təyinatlı sənaye məhsullarının istehsal edəcəkdir.

İstehsal ediləcək məhsul bazarda satılmaqla yanaşı, bir qisminin də Türkiyə, BƏƏ, MDB ölkələrinə ixrac edilməsi nəzərdə tutulmuşdur.

Müəssisədə 2000 iş yerinin açılması nəzərdə tutulur.

“Tabaterra” QSC 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almışdır.

Müəssisə Sumqayıt Kimya Sənaye Parkının 5,52 ha torpaq sahəsində İtaliya, Böyük Britaniya, Almaniya kimi ölkələrin  texnologiyası əsasında ildə 7 mlrd. ədəd siqaret istehsal edəcəkdir.

Müəssisədə 200 iş yerinin açılması nəzərdə tutulur.

SOCAR Karbamid zavodu 6 dekabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almışdır.

Zavod Sumqayıt Kimya Sənaye Parkının 39,27 ha torpaq sahəsində Danimarkanın Haldor Topsoe və Niderlandın Stamicarbon B.V kimi ölkələrin  texnologiyası əsasında Ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarət olacaq zavodda ammonyak və karbamid istehsal ediləcəkdir.

İstehsal ediləcək məhsul bazarda satılmaqla yanaşı, bir qisminin də Türkiyə, Avropa ölkələrinə ixrac edilməsi nəzərdə tutulmuşdur.

Müəssisədə 500 iş yerinin açılması nəzərdə tutulur.

“SumPlast” MMC 11 dekabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almışdır.

Müəssisə Sumqayıt Kimya Sənaye Parkının 1 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında beynəlxalq standartlara cavab verən və sənaye istifadəsi üçün nəzərdə tutulan müxtəlif ölçülü polimerdən kisə və torbalar istehsal edəcəkdir.

İstehsal ediləcək məhsul daxili bazarla (“Azərkimya” İB və “SOCAR Polymer” MMC) yanaşı,  Rusiya, Türkmənistan və Qazaxıstan kimi ölkələrə də ixrac ediləcəkdir.

Müəssisədə 30 iş yerinin açılması nəzərdə tutulur.

“LabDisc Azərbaycan” MMC 6 fevral 2018-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almışdır.

Sumqayıt Kimya Sənaye Parkının 0.02  ha torpaq sahəsində İsrail texnologiyası əsasında təhsil prosesində istifadə edilən elektron cihaz və avadanlıqların istehsalı (Mobile Science Cart, IPRO – Labdisc Biochem, IPRO – Labdisc Physics, Force Sensor və Intel Tablet) və onlara xidmət göstərilməsi planlaşdırılır.

Müəssisədə 43 iş yerinin açılması nəzərdə tutulur.

Rəhbərlik:

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, direktor müavinləri Rəvayət Mustafayev və  Zaur Məmmədovdur.

İnfrastruktur:

Enerji təchizatı - Sumqayıt Kimya Sənaye Parkının ərazisində rezidentlərin fasiləsiz və stabil gərginlikli elektrik enerjisi təchizatı üçün müasir transformatorlar yerləşdiriləcək. Burada rezidentlərə geniş şəbəkəsi olan elektrik verilişi xətləri ilə təmin olunacaqlar. Parkda 2 ədəd 110/35/6,3 kvt-luq müasir yarımstansiyaların inşası nəzərdə tutulur. Elektrik xətləri yeraltı qalereyanın daxili ilə çəkiləcək. Yarımstansiya avtomatik idarəetmə və təhlükəsizlik sistemi ilə təchiz olunacaq.

Qaz paylayıcı şəbəkə - Sumqayıt Kimya Sənaye Parkına bir mənbədən iki istiqamətdən qaz verilişi xətləri çəkiləcək. Qaz təchizatı avtomatik nəzarət paneli vasitəsilə idarə ediləcək və bütün təhlükəsizlik normalarına cavab verəcək. Qaz təchizatı həm istehsalın, həm də digər istehlakçıların tələblərini təmin edəcək.

Su təchizatı - Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün geniş şəbəkəsi olan su verilişi xətləri çəkiləcək. SKSP-də içməli, texniki və yanğın suyuna olan ehtiyacı ödəmək üçün ümumilikdə 5 ədəd su anbarının inşası nəzərdə tutulur. Eyni zamanda Parkın ərazisindəki məişət, kimyəvi, proses və yağış sularının axıdılması məqsədilə ayrı-ayrılıqda xətlər çəkiləcək.

Kanalizasiya və drenaj xətləri - Sumqayıt Kimya Sənaye Parkı ərazisində çirkab, kanalizasiya sularının axıdılması üçün kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulub. Eyni zamanda Parkın ərazisindəki məişət, kimyəvi, proses və yağış sularının axıdılması məqsədilə ayrı-ayrılıqda axın xətləri çəkiləcək. Burada quraşdırılmış sutəmizləyici qurğular vasitəsilə tullantı və proses suları ilkin Sumqayıt sutəmizləyici qurğusuna göndəriləcəkdir.

Magistral və daxili avtomobil yolları - Sumqayıt Kimya Sənaye Parkı əlverişli coğrafi mövqedə yerləşir. Parkın Bakı-Rusiya magistralına yaxınlığı idxal-ixrac əməliyyatlarını asanlaşdırır. Marşrut xətləri bütün istehsal və qeyri-istehsal məntəqələrini əhatə edəcək. Burada yüksək standartlara cavab verən daxili avtomobil xətləri salınacaq.

Parkın ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək məqsədi ilə eni 38 metr, 22 metr, 20 metr, 16 metr və 14 metr olan mərkəzi, dairəvi və ara yollar salınacaq. Nəqliyyat xətləri Parkın istehsal və qeyri-istehsal təyinatlı bütün ərazisini əhatə edəcək.

Dəmir yolu xətti - Sumqayıt Kimya Sənaye Parkında rezidentlərə xidmət məqsədilə magistral dəmir yol xəttinə birləşən dəmir yol qovşağı inşa olunacaq. Qovşağın yaxınlığında yükləmə-boşaltma məntəqəsi yerləşəcək. Sənaye Parkının yükləmə-boşaltma qovşağının yaxınlığında dəmiryol stansiyalarının inzibati binasının inşası nəzərdə tutulur. Burada ön ofislər və texniki otaqlar yerləşəcək. Dəmir yol xətləri iki istiqamətdə stansiya "Sumqayıt" və H.Z.Tağıyev stansiyasını birləşdirəcək dairəvi yoldan ibarət olacaqdır.

Videoçarx