Azərbaycanın Sənaye Portalı

Martın 29-da Ağcabədi rayonunun Təzəkənd və Kəhrizli kəndlərində yem emalı müəssisələri istifadəyə verilib.

Yem emalı müəssisələrinin istifadəyə verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə qeyd olunub ki, yem emalı müəssisələri Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində istifadəyə verilib.

Təzəkənd və Kəhrizli ilə yanaşı, yem emalı müəssisələrindən ətraf kəndlərdə yaşayan sakinlər də istifadə edə biləcək. Yem emalı müəssisələrində yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Tədbirlərdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Faiq Abbasov, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Pərviz Musayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin Təzəkənd və Kəhrizli kəndləri üzrə nümayəndələri regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, o cümlədən Təzəkənd və Kəhrizli kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsinin aqrar sektorda mikro və kiçik  sahibkarlığın inkişafında, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində, yemə olan tələbatın ödənilməsində və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.