Azərbaycanın Sənaye Portalı

Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Prezident İlham Əliyevin

giriş nitqi

- Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək.

Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.

Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır.

Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin.

Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq.

Bir sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik.

Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib. On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil əfsuslar olsun ki, güclənir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və bu meyil əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır.

Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.

Qeyd etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək.

Sənayeləşmə prosesi uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir.

Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq.

Biz bu illər ərzində kosmik dövlətə çevrildik. Bu da bizim qürur mənbəyimizdir. Artıq üç peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil olubdur. Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlikdir. İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” brendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir. “ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. “ASAN xidmət”də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir.

Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir.

Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.

On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib.

Yəni, görülmüş işlər haqqında danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə olaraq, əsas məqamları mən sizin diqqətinizə çatdırdım. Əminəm ki, bu gün çıxışlarda və müzakirələrdə həm görülmüş işlər, həm də görüləcək işlər haqqında danışacağıq və gələcək inkişaf planlarımızı təmin edəcəyik.

X X X

Sonra çıxışlar oldu.

Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin AXUNDOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizin uzaqgörən və düşünülmüş uğurlu iqtisadi inkişaf strategiyanızın əsas tərkib hissələrindən biri olan sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye parkları və məhəllələrinin yaradılması ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsal həcminin artmasına təkan verib.

Cənab Prezident, icazənizlə məruzə edim ki, “AZƏRMAŞ” ASC ilə “Iran Khodro” ASC arasında 2016-cı il aprelin 21-də əməkdaşlıq memorandumu imzalanıb və həmin ilin avqust ayının 6-da Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun təməli qoyulub. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir texnologiyaları və avadanlıqları quraşdırılıb.

Çox hörmətli cənab Prezident, Sizin xüsusi diqqət və qayğınız nəticəsində zavodun tikintisinə dövlətimiz tərəfindən böyük dəstək göstərilib, zəruri infrastruktur yaradılıb, müxtəlif vergi güzəştləri və gömrük azadolmaları tətbiq edilib. İnvestisiya dəyəri 25 milyon manat olan zavodumuzun Neftçala Sənaye Məhəlləsində yerləşməsi və bununla da zəruri infrastruktur xərclərindən azad olması, eyni zamanda, müəssisəmizə investisiya təşviqi sənədinin verilməsi nəticəsində, ümumilikdə, 8 milyon manat vəsaitə qənaət olunub. Bütün bunlar və digər güzəştlər avtomobillərin istehsalında və daha ucuz qiymətlə satışında önəmli göstəricilərdir.

Cənab Prezident, Sizin 2017-ci ilin sentyabr ayında Neftçala rayonuna səfəriniz çərçivəsində zavodumuzda olarkən verdiyiniz tövsiyələr əsasında “Xəzər” avtomobil zavodunda işləyəcək əməkdaşlar peşəkarlıq səviyyələrini və təcrübələrini artırmaq üçün İran İslam Respublikasına ezam edildi. Onlar avtomobil istehsalı sahəsində xüsusi təlimlər keçməklə sertifikatlar əldə etdilər.

Möhtərəm cənab Prezident, Siz və İran Prezidenti 2018-ci ilin mart ayının 29-da Azərbaycan-İran biznes forumunda “Xəzər” avtomobil zavodunun rəsmi açılışını etdiniz. Bu gün zavodda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal həcmi artdıqca, bu say 300 nəfərə çatacaqdır. “Made in Azerbaijan” brendi altında “Xəzər” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Zavod 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Qeyd etmək istərdim ki, Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki, bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının göstəricisidir.

“Xəzər” avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk “Peugeot” markalı avtomobillər istehsal xəttindən satışa çıxacaqdır. İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından etibarən isə “Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq.

Cənab Prezident, bir məsələni də xüsusilə vurğulamaq istərdim ki, zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və “Khazar” avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib. Bunun nəticəsi olaraq, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada “Krokus Ekspo” Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisinə dəvət alıb və bizim “Khazar” avtomobilləri sərgidə nümayiş edilib, böyük maraqla qarşılanıb.

Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq 2018-ci il sentyabrın 1-də, cənab Prezident, Sizin Rusiya Federasiyasına rəsmi səfəriniz zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və “AZƏRMAŞ” ASC arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını xüsusilə qeyd etmək istərdim. Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində “QAZ” markalı yüngül tonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına başlanmasını nəzərdə tutur.

Möhtərəm cənab Prezident, rəhbərliyinizlə ölkədə biznes mühitinin daim yaxşılaşdırılması istiqamətində atılan addımları dəstəkləyir, Sizə çoxsaylı kollektivimiz adından təşəkkürümüzü bildirirəm. Əmin edirik ki, Azərbaycanın yeni brendi olan “Khazar” avtomobilləri ölkəmiz və iqtisadiyyatımız üçün faydalı olacaq. Bunun üçün daim işləməyə və yüksək nəticələr göstərməyə hazırıq.

Diqqətinizə görə çox sağ olun.

X X X

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan USUBOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Bu gün regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca üçüncü dövlət proqramının icrasının yekunlarını müzakirə edirik. Qeyd etmək yerinə düşər ki, birinci dövlət proqramı ilə üçüncü proqram arasında çox böyük fərqlər vardır. Bu proqramlarda qarşımızda müxtəlif vəzifələr qoyulmuşdur. Nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində Şəki şəhərinin də davamlı inkişafı təmin edilib, insanların rahat yaşaması, rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə olunması üçün mühüm işlər görülüb. Bu illər ərzində 41 məktəb, 18 uşaq bağçası, 6 səhiyyə və 11 mədəniyyət müəssisəsi tikilib və ya əsaslı təmir olunub, Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması davam edib, yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılıb, yüksək keyfiyyətli yollar çəkilib, ən müasir tələblərə cavab verən mehmanxanalar, istirahət mərkəzləri və kompleksləri inşa edilib, son 5 ildə 14 minə yaxın yeni iş yeri açılıb. Əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsində əvəzedilməz layihəniz olan “ASAN həyat” mərkəzinin açılması isə sakinlərimiz üçün ən böyük hədiyyə olub.

Sizin diqqət və qayğınız sayəsində bu gün Şəki öz qədimliyini və tarixiliyini qorumaqla yenidən qurulur, şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir. Sizin tarixi şəhərlərə və burada xalqımızın yaşatdığı zəngin mədəni irsin qorunub saxlanılmasına göstərdiyiniz böyük qayğı və diqqətin nəticəsidir ki, bu gün Şəki açıq səma altında bir muzeydir. Cənab Prezident, Sizin Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığınız Sərəncam rayonumuzda turizmin inkişafında yeni bir mərhələnin başlanmasına təkan verib.

Hər il şəhərimizdə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları bizə həmişə xoş bayram ovqatı bəxş edir. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır. Festival günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin dünyagörüşünün, həyat tərzinin və musiqi mədəniyyətinin zənginləşməsinə mühüm təsir göstərir. Şəkidə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Nəticədə Şəki turistlər üçün daha da cəlbedici məkana çevrilib, son beş ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 200 min nəfərə çatıb.

Sizin dəstəyiniz və təşəbbüsünüz nəticəsində şəhərimizin beynəlxalq səviyyədə də tanıdılması istiqamətində mühüm işlər görülür. Belə ki, Şəkinin xalq tətbiqi sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olunub. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır.

Hörmətli cənab Prezident, Şəki həm də tarixən ipəkçilik diyarı kimi tanınır. Sizin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində atılan mühüm addımdır. Məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, “Azər İpək” MMC öz fəaliyyətini bərpa edib, ötən il 514 ton yaş barama tədarük olunub. İpəkçiliyin inkişafı sahəsində görülən tədbirlər şəhər əhalisinin məşğulluq probleminin həll olunmasında mühüm rol oynayıb. Hazırda müəssisədə 600 nəfərə yaxın işçi çalışır ki, onun da əksəriyyətini qadınlar təşkil edir. Artıq keyfiyyətli Şəki ipəyindən istehsal olunan müxtəlif məhsulların Avropa bazarlarına çıxarılması istiqamətində iş aparılır. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan ipəkçiliyin inkişafı barama istehsalının artırılmasını tələb edir. Bu məqsədlə yem bazasının genişləndirilməsi üçün son 3 ildə 376 min tut tingi əkilib. Rayonda 2018-ci ildə 48 ton barama istehsal edilib, 2851 nəfər işlə təmin olunub, kümçülər, ümumilikdə, 400 min manatdan çox gəlir əldə ediblər.

Möhtərəm cənab Prezident, Sizin tütünçülüyün inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artıb, 2018-ci ildə 2977 ton quru tütün istehsal olunub, 2 min nəfərə yaxın insan işlə təmin edilib, orta məhsuldarlıq 33,9 sentner təşkil edib. Bu il 1030 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Tütün istehsalı sahəsində fərqləndiyinə görə rayonumuzun sakini Mustafayev Əlövsət Əmir oğlunun Sizin Sərəncamınızla 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması tütünçülərimizin əməyinə verilən ən böyük qiymətdir.

Cənab Prezident, Şəkinin hər bir sakini Sizin onlara səmimi münasibətinizi, qayğınızı yüksək qiymətləndirir. İcazə verin, Şəkiyə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə bütün şəkililərin dərin minnətdarlığını çatdırım və əmin edim ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifə və tapşırıqların icrası üçün əlimizdən gələni edəcəyik. Allah Sizi qorusun.

X X X

“Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin BAĞIROV çıxış edərək dedi:

-Möhtərəm Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf edərək dünya ölkələri içərisində öz layiqli yerini tutub. Qəbul olunan dövlət proqramlarının icrası ölkəmizin bütün regionlarının tarazlı inkişafını təmin edib, əhalinin həyat səviyyəsini xeyli yüksəldib.

Sizin qayğınızla Naxçıvan Muxtar Respublikası da davamlı inkişafa qovuşub. Bu gün muxtar respublikada inkişafın əsas göstəriciləri olan enerji və ərzaq təhlükəsizliyi tam təmin olunub.

Aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb, innovativ texnologiyalardan istifadə məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaradıb.

Ölkəmizdə yaradılan əlverişli biznes mühiti bütün sahibkarlar kimi, bizə də fəaliyyətimizi genişləndirməyə, yeni istehsal sahələri yaratmağa imkanlar açıb. 2011-ci ildə dövlətin maliyyə dəstəyi ilə istixana kompleksi yaradıb, əhalinin keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsinə öz töhfəmizi verməyə başladıq. Kompleksin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 3 milyon 250 min manat güzəştli kredit ayrılıb, özəl investisiyamız 2 milyon manat təşkil edib. Bu maliyyə dəstəyi Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə, müəssisəmizin istehsal gücünün və rəqabət qabiliyyətliliyinin artırılmasına şərait yaradıb.

Sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələnərək ilkin mərhələdə 12 min kvadratmetr sahədən ibarət olan istixana kompleksini genişləndirərək 60 min kvadratmetrə, illik məhsul istehsalını isə intensiv üsullardan istifadə etməklə 250 tondan 1200 tona yüksəltmişik.

Bundan əlavə, Kəngərli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkinini həyata keçiririk.

İstehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində müəyyən etdiyiniz strategiya və göstərdiyiniz qayğı ixrac imkanlarının artmasına şərait yaradıb. Hazırda mövcud istixana kompleksində istehsal etdiyimiz məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur. Gələcək hədəflərimiz ixrac coğrafiyamızı daha da genişləndirərək digər xarici ölkələrin bazarlarına çıxmağa nail olmaqdır.

Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı və real layihələrin icrası əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına stimul verib. Hazırda müəssisəmizdə 51 nəfər daimi işlə təmin olunub.

Bütün bunlar regionların sosial-iqtisadi inkişafına, sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına göstərdiyiniz qayğının nəticəsidir.

Möhtərəm Prezident, göstərdiyiniz hərtərəfli qayğıya görə muxtar respublika sahibkarları adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk.

X X X

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Ölkəmizin hər yerində olduğu kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər Sizin diqqət və qayğınız nəticəsində uğurla həyata keçirilib və rayonumuz daha da inkişaf edərək abad bir diyara çevrilib, sakinlərimizin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlib.

Aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait, Sizin çox böyük uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz iqtisadi kurs və mühüm dövlət tədbirləri rayonumuzda da öz müsbət nəticələrini verib, kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın sürətli inkişafını təmin edib. Fermerlərin, sadə kənd adamlarının torpağa bağlılığı artdıqca, onlar Sizin qayğınızı daha çox hiss edir, dövlətin bu sahəyə dəstəyindən bəhrələnirlər.

Son illərdə pambıq istehsalı 10 dəfə artaraq 23,3 min tona çatıb, hər hektardan orta məhsuldarlıq isə 1,5 dəfə artaraq 23,3 sentner təşkil edib. Mövsümi işlərə 22 min nəfərə yaxın kənd sakini cəlb olunub və onlar pambıqçılıqdan yüksək gəlir əldə ediblər.

Sizin ölkənin müxtəlif regionlarında kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə keçirdiyiniz müşavirələr aqrar sahənin inkişafına öz töhfəsini verib. Qısa müddətdə bütün sahələr üzrə çox yüksək nəticələr əldə edilib. Bu müşavirələrdə qaldırılan problemlər dərhal həll olunur. Ağcabədinin timsalında deyə bilərəm ki, ötən il rayonumuza xeyli miqdarda kənd təsərrüfatı texnikaları verilib ki, bu da uğurların əldə olunmasında mühüm rol oynayıb.

Kənd təsərrüfatı sahəsində xidmətləri olan şəxslərin təltif edilməsi ilə bağlı müvafiq Sərəncamınızla fermerlərimiz Tofiq İsmayılov və İsgəndər Hüseynov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Bu da rayonumuzun əhalisi tərəfindən pambıqçılara verilən yüksək qiymət kimi dəyərləndirilir və daha çox məhsul əldə etmək üçün sağlam rəqabət yaradır.

Kənd təsərrüfatı üçün ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi bu sahənin yenidən dirçəldilməsini şərtləndirib, kümçülərdə böyük ruh yüksəkliyi yaradıb. Nəticədə rayonda 2018-ci ildə əvvəlki ilə nisbətən 2,2 dəfə çox - 37 ton barama istehsal olunaraq təhvil verilib, kümçülər 330 min manatdan artıq gəlir əldə ediblər. Cari ildə isə hədəfimiz barama istehsalının 50-60 tona çatdırılmasıdır. Baramaçılığın yem bazasının yaradılması istiqamətində də işlər davam etdirilib, son üç ildə 389 min tut tingi əkilib.

Ötən il taxılçılıq sahəsində də çox böyük uğurlar əldə edilib. Belə ki, əhali təsərrüfatlarında buğdanın məhsuldarlığı hektarda 46,6 sentner olmaqla, rayon üzrə 107 min ton taxıl istehsal edilib.

Heyvandarlıq sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılıb. Sizin qayğınız sayəsində rayonda “Aqat Aqro” MMC kimi iri heyvandarlıq kompleksi və “ATENA” süd emalı zavodu yaradılıb.

2018-ci ildə kənd təsərrüfatına, ümumilikdə, 55 min nəfərdən çox işçi cəlb olunub ki, bu da rayon üzrə məşğul əhalinin 51 faizini təşkil edir.

Ötən ilin noyabr ayında Sizin Ağcabədi pambıqçıları ilə görüşünüzü və Qarabağ Atçılıq Kompleksinin açılışında iştirakınızı ağcabədililər məmnunluqla xatırlayırlar. Hesab edirik ki, Qarabağ atlarının dünyada tanıdılması və həmin sahə üzrə turizmin inkişafı ilə bağlı tapşırıqlarınızın icrası rayonumuzun tərəqqisinə yeni töhfələr verəcəkdir.

Sizin diqqət və qayğınız nəticəsində rayonumuzda abadlıq və quruculuq işləri, sosial layihələrin icrası da sürətlə davam etdirilib, 45 mindən artıq şəhər əhalisi fasiləsiz içməli su ilə təmin edilib, qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb, kəndlərarası avtomobil yolları çəkilib. Bu il tikintisi başa çatdırılacaq ictimai xidmətlər sahəsində inqilabi layihə olan “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəinki rayonumuzun, həmçinin bölgənin əhalisinə böyük töhfə olacaqdır.

Bütövlükdə son beş ildə rayona 614 milyon manat investisiya qoyulub, ümumi məhsul buraxılışı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,9 dəfə artıb.

Cənab Prezident, Sizin müntəzəm olaraq bölgələrə səfərləriniz, o cümlədən cəbhəyanı ərazilərdə olmağınız əhali arasında torpağa bağlılığı, qurub-yaratmaq həvəsini, sabaha inamı və ölkənin işıqlı gələcəyinə ümidi artırır. Biz ağcabədililər Sizin böyük diqqət və qayğınıza bundan sonra da əməli işlərimizlə cavab verəcək, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının, müstəqil dövlətimizin gələcəyi üçün apardığınız möhtəşəm siyasətin həyata keçirilməsində Sizi daim dəstəkləyəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin MUSTAFAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Müasir dünyamızın tələblərinə uyğun çevik iqtisadi siyasətiniz və bilavasitə rəhbərliyinizlə aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə aparılan dayanıqlı iqtisadi siyasət, əlverişli biznes mühitinin formalaşması xarici investorların böyük marağına səbəb olub. Əldə olunan bütün bu nailiyyətlər, cənab Prezident, Sizin fədakar əməyinizin və apardığınız uğurlu siyasətin nəticəsidir.

Hörmətli cənab Prezident, rəhbərlik etdiyim “Saloğlu” firması 2002-ci ildən fəaliyyət göstərir. Məmnuniyyətlə qeyd etməliyəm ki, Sizin apardığınız iqtisadi siyasət ölkəmizdə bütün sahibkarların fəaliyyətinə stimul verdiyi kimi, mənim də sahibkarlıq fəaliyyətimin genişlənməsində müstəsna rol oynayıb.

Fəaliyyətimizi diqqətdə saxlamağınızla, hər zaman yanımızda olmağınızla, verdiyiniz dəyərli məsləhətlərinizlə, xüsusilə 2004-cü ildə firmaya məxsus yumşaq mebel fabrikinin, 2016-cı ildə isə “Modern” mebel fabrikinin açılışını etməklə, “Venzana” mebel fabrikinin təməlini qoymaqla bizə böyük sevinc hissləri yaşatmısınız. Zamanın tələbinə uyğun olaraq verdiyiniz müdrik qərarlar, həyata keçirdiyiniz islahatlar yerli istehsalın getdikcə daha da güclənməsinə təkan verir. Hazırda istehsal etdiyimiz məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur.

Möhtərəm cənab Prezident, hazırda 400 nəfərlik kollektivlə fəaliyyət göstəririk. Müəssisəmizə son səfəriniz zamanı verdiyiniz tövsiyələrdən sonra istehsal sahələrimizi genişləndirməklə 2500 iş yerinin açılmasını hədəf götürdük. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlamışıq. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlətimizin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının alınması üçün Almaniyanın “HOMAG Group” şirkəti ilə müqavilə imzalanıb və tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək.

Hörmətli cənab Prezident, Sizin ölkəmizdə sahibkarlar üçün yaratdığınız əlverişli şəraitin nümunəsi olaraq 11 milyon manat dəyərində istehsal avadanlıqlarının idxalı zamanı gömrük rüsumu və vergidən azad olunması üçün müəssisəmizə investisiya təşviqi sənədi verilib ki, bundan əldə olunan qənaət yenə də istehsal fəaliyyətimizin genişləndirilməsinə yönəldiləcəkdir. Bu da biz istehsalçılara göstərilən genişmiqyaslı dövlət dəstəyinin bir nümunəsidir. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaq. Bu hədəfə nail olmaq üçün dövlətimizin bizə verdiyi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, sahibkarlığın inkişafı ilə bağlı son fərman və sərəncamlarınız, yaratdığınız əlverişli biznes mühiti biz sahibkarları yeni layihələrin həyata keçirilməsinə ruhlandırır.

Sizi əmin edirik ki, iqtisadiyyatımızın inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması və Vətənimizin qüdrətlənməsi istiqamətində göstərdiyiniz böyük diqqət və qayğıya öz əməli fəaliyyətimizlə cavab verəcəyik.

Diqqətinizə görə çox sağ olun.

X X X

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Ölkənin ahəngdar inkişafını təmin edən, dəqiq hesablanmış regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bütün bölgələrdə olduğu kimi, Masallı rayonunun da inkişafına güclü təkan verib. Sizin birbaşa köməyiniz, rayona etdiyiniz səfərlər zamanı verdiyiniz tapşırıqlar nəticəsində Dövlət Proqramında Masallı rayonu üzrə həlli nəzərdə tutulmuş tədbirlərdən qat-qat artıq işlər görülüb.

Masallı Sənaye Məhəlləsi kimi böyük bir kompleksin Sizin Sərəncamınızla 2016-cı ildə inşasına başlanması və xeyir-duanızla keçən il istifadəyə verilməsi buna ən bariz nümunədir. İndi rayonun bütün inkişaf parametrlərinə ciddi təsir göstərən, 10 hektar sahədə salınmış məhəllədə rezidentlərin hamısı uğurla fəaliyyətə başlayıb, ən əsası, ilkin olaraq 200 nəfərdən artıq gənc müasir texnologiya, yüksək istehsal şəraiti və əməkhaqqı ilə təmin olunub. Yaxın vaxtlarda onların sayının bir neçə dəfə artacağı gözlənilir.

Şüşə, yağ-pendir və digər məhsulların istehsalı məqsədilə öz vəsaitləri hesabına 2 yeni korpusun tikilməsi üçün müraciət etmiş digər sahibkarların təklifləri qəbul edilib.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi siyasətinizin məntiqi nəticəsi olaraq hesabat dövründə 572 istehsal və xidmət obyekti istifadəyə verilib, müasir çəltik zavodu işə salınmış, “Embawood” mebel fabrikində və Masallı kərpic zavodunda yeni istehsal sahələri yaradılıb, sənaye məhsulları istehsalı, ümumilikdə, 77 faiz artıb. Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə 15 milyon manatlıqdan artıq sənaye məhsulları ixrac olunur.

Respublikanın ən az torpaqlı rayonları sırasında olan Masallıda bu gün də iqtisadiyyatın və əhalinin məşğulluğunun əsasını aqrar sahə təşkil edir. Bu sahədə qəbul etdiyiniz qərarların, imzaladığınız sərəncamların verdiyi imkanlardan bəhrələnən torpaq mülkiyyətçilərində həm də əsl sahibkarlıq, təsərrüfatçı psixologiyası formalaşmaqdadır. Onlar artıq öz gəlir-çıxarlarını hesablamağa, daha faydalı sahələrə üstünlük verməyə başlayıblar.

Sizin tapşırığınızdan sonra mütəxəssislərin və mülkiyyətçilərin təklifi ilə əkin strukturunda qeyri-rentabelli sahələr azaldılıb, əməktutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan və Masallının torpaq-iqlim şəraitinə uyğun olan tərəvəz, faraş kartof, çəltik, giləmeyvə kimi bitkilərin əkinləri xeyli genişləndirilib, 100 hektar sahədə çay plantasiyası salınıb.

Aqrar bölmədə böyük canlanma yaranıb, kəndlərdən şəhərlərə gedən insanlar artıq yenidən torpağa üz tuturlar. Son iki ildə rayon üzrə əkin sahələri 18 min hektara çatdırılıb ki, bu da sovet dönəmindəki ən yüksək göstəricidən çoxdur. Nəticədə təsərrüfatda çalışanların sayı 2,5 dəfə artıb, bütün istehsal olunan məhsulların isə üçdəbiri ixrac edilir.

Ötən il Masallıya səfəriniz zamanı kənd əməkçilərinin xahişini nəzərə alaraq 3 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işlərinin aparılmasına dair verdiyiniz Sərəncamla ayrılmış vəsait hesabına işlərə başlanılıb, əlavə 8 milyon kubmetr suvarma suyu əldə etməyə və elə bu il həmin ərazilərdə çəltik və çay əkinləri aparmağa imkan yaranacaq.

Sizin diqqət və qayğınız sayəsində rayonumuzda tikinti-abadlıq işləri də geniş vüsət alıb, böyük infrastruktur layihələri həyata keçirilib. Bilavasitə tapşırığınızla tikilən və açılışında iştirak etdiyiniz, masallılıların qürur duyduğu “ASAN həyat” kompleksi indi bütün regionun əhalisinə xidmət göstərir. Çoxsaylı təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri tikilib, parklar, meydanlar, prospektlər salınıb, şəhərin su-kanalizasiya sistemi yenidən qurulub. Rayonun Muğan zonası kəndlərinə tapşırığınızla çəkilən içməli su artıq ilkin olaraq 5 yaşayış məntəqəsinə verilib. Yüz illər boyu içməli suyu uzaq məsafədən nəqliyyatla daşımaq məcburiyyətində qalan sakinlər Sizə öz sonsuz minnətdarlıqlarını bildirirlər.

Rayonda qazlaşdırma 97 faizə, kənd yollarının asfaltlaşdırılması işləri 85 faizə çatıb, 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı tam yenidən qurulub.

Bir rayonun timsalındakı bu faktlar bütövlükdə respublikada gedən əzəmətli inkişafın mənzərəsini qısa da olsa, xarakterizə edir. Bütün bunlar ardıcıl surətdə apardığınız siyasətin təntənəsi və masallılılara göstərdiyiniz diqqət və qayğının bəhrəsidir. Göstərdiyiniz bu böyük qayğıya görə Sizə və birinci xanım Mehriban Əliyevaya masallılıların dərin minnətdarlığını çatdırmaq istəyirəm.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, müstəqil Azərbaycanın tərəqqisi naminə qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün bundan sonra da biz masallılılar bütün qüvvə və bacarığımızı sərf edəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

İmişli rayonundakı “Muğan Aqroservis” iri toxumçuluq təsərrüfatının direktoru Rəcəb ORUCOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Əvvəlcə rəhbərliyinizlə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl və genişmiqyaslı işlərə, hər zaman hiss etdiyimiz diqqət və qayğınıza görə iş adamları adından, cənab Prezident, Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınıza uyğun olaraq, ölkəmizdə qabaqcıl texnologiya və elmi əsaslara söykənən təcrübənin tətbiqinə əsaslanan, rəqabətqabiliyyətli məhsul istehsalında, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı xammalla təmin olunmasında, ərzaq bolluğu ilə yanaşı, regionlarda məşğulluğun artırılmasında əhəmiyyətli rola malik olan aqroparklar və iri fermer təsərrüfatları yaradılır.

Belə təsərrüfatlardan biri də İmişli rayonu ərazisində 572 hektar sahədə yaradılan “Muğan Aqroservis” MMC-yə məxsus taxıl toxumçuluğu təsərrüfatıdır. Məqsədimiz rayonlaşdırılmış, xəstəliklərə və ziyanvericilərə qarşı daha dözümlü və yüksək məhsuldarlığa malik taxıl toxumçuluğu üzrə ixtisaslaşmış innovativ təsərrüfatın yaradılması olub.

Ötən təsərrüfat ilində 1200 tondan artıq birinci və ikinci reproduksiyalı, yüksək kondinsiyalı, torpaq və iqlim şəraitinə tam uyğunlaşdırılmış yerli sortlarla bərabər, Fransa və İtaliya mənşəli buğda və arpa sortlarından da toxum materialları istehsal edilib. İstehsal olunan toxum materialları ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə satılıb və onlar tərəfindən hər hektardan orta hesabla 50 sentnerdən artıq yüksək keyfiyyətli məhsul əldə edilib.

Təsərrüfatımızın ərazisinin 200 hektarında ABŞ istehsalı olan 4 müasir pivot suvarma sistemi quraşdırılıb və 352 hektar ərazidə 5 müasir pivot suvarma sisteminin quraşdırılması üzrə layihələndirmə işləri yekunlaşdırılıb. Dövlətimizin sahibkarlığın inkişafına yönələn genişmiqyaslı dəstək mexanizmlərindən yararlanaraq, gələcəkdə əkin sahələrimizin daha da genişləndirilməsi istiqamətində müvafiq işlər aparırıq.

Təsərrüfatımız ümumi sahəsi 2 min kvadratmetr olan anbar binası, 3 kombayn, 8 traktor, 22 müxtəlif çeşidli aqreqat, 2 toxumtəmizləyən və çeşidləyən avadanlıqlarla təchiz edilib ki, bu da texnika parkımızın mövcud imkanlarından istifadə etməklə öz təsərrüfatımızla yanaşı, digər fermerlərə də aqroservis xidməti göstərməyə imkan yaradır.

Taxıl toxumçuluğu üzrə ixtisaslaşmış təsərrüfatımızda günün tələblərinə uyğun milli kadrların hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin geniş tətbiqi və elmi araşdırmaların aparılması üçün mövcud bazamızda “Fermerlərə xidmət və aqroinformasiya məsləhət mərkəzi”nin yaradılması nəzərdə tutulur.

Kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ölkəyə gətirilən texnika və avadanlıqlara gömrük vergi və rüsumları üzrə güzəştlərin tətbiqi üçün təşviq sənədinin verilməsi, dövlətin güzəştli kreditləri, texnika və avadanlıqların uzun müddətə və güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə lizinq yolu ilə verilməsi, yanacaq-sürtkü materiallarına, mineral gübrələrə tətbiq olunan güzəştlər aqrotexniki tədbirlərin optimal müddətlərdə və yüksək keyfiyyətlə həyata keçirilməsinə, istehsalçıların maddi maraqlarının qorunmasına çox böyük stimul yaradır.

Möhtərəm cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə kollektivimiz adından dərin minnətdarlığımızı bildirməklə Sizi əmin etmək istəyirəm ki, iqtisadiyyatımızın inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində göstərdiyiniz fədakar fəaliyyətinizdə həmişə Sizin yanınızdayıq. Bundan sonra da əzmlə çalışaraq, üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına öz töhfəmizi verəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair ALXASOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası bütün bölgələrdə, o cümlədən Qusar rayonunda iqtisadiyyatın dirçəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və onların sosial problemlərinin həllinə güclü təkan verib. Sizin yorulmaz fəaliyyətiniz sayəsində gündən-günə yeniləşərək görkəmini tamamilə dəyişən Qusar rayonu da indi ən gözəl illərini yaşayır və inkişaf edir.

Cənab Prezident, füsunkar bir guşədə, dağlıq ərazidə yerləşən Qusar geniş turizm potensialına malikdir. Bu gün Qusarda yeni turizm və istirahət obyektləri yaradılır, otellər inşa olunur, turizmin inkişafını sürətləndirən digər layihələr həyata keçirilir.

Rayonun geniş imkanlarını nəzərə alaraq məhz Sizin təşəbbüsünüz, möhkəm iradəniz və qətiyyətiniz sayəsində Şahdağ Turizm Mərkəzi kimi nəhəng kompleksin istifadəyə verilməsi bu gün Qusarı ölkənin turizm mərkəzinə çevirib. Təsəvvür edə bilməzdik ki, heç bir infrastrukturu olmayan, sərt iqlimə malik bir yerdə belə bir möhtəşəm turizm kompleksi yaradılacaq. Bu gün Şahdağın ətəklərində yaradılmış belə bir kompleksi, rahat şəraiti görən insanlar böyük qürur hissi keçirirlər. Bu gün bura dünyanın bir çox ölkələrindən, həmçinin respublikamızın bütün bölgələrindən çoxlu sayda turistlər gəlir.

Müqayisə üçün bildirmək istəyirəm ki, rayonumuza gələn turistlərin sayı son beş ildə 3 dəfədən çox artaraq keçən il 200 min nəfərə çatıb. Önəmlisi isə odur ki, onların 20 min nəfəri xarici ölkələrdən gələn turistlərdir.

Turizmin inkişafı isə öz növbəsində ölkəmizin dünyada tanıdılmasında, iqtisadiyyatımızın güclənməsində və bölgədə vətəndaşların məşğulluğunun təmin olunmasında çox mühüm əhəmiyyətə malikdir.

Möhtərəm cənab Prezident, Dövlət Proqramının uğurla icrasının nəticəsidir ki, bütün respublikada olduğu kimi, rayonumuzun da iqtisadiyyatı yüksək templə inkişaf edir, əhalinin rifahı ilbəil yaxşılaşır, regionlarda müasir infrastruktur layihələri, yeni sosial obyektlərin tikintisi həyata keçirilir. Son illər rayonumuzun iqtisadiyyatının önəmli sahəsi olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilib, həyata keçirilmiş tədbirlər sayəsində kənd təsərrüfatının xüsusi çəkisi daha da yüksəlib. Göstərilən dövlət qayğısı sayəsində sahibkarların bu sahəyə marağı artıb, rayonda bir çox bağçılıq, bitkiçilik və heyvandarlıq təsərrüfatları yaradılıb və nəticədə 2013-cü illə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1,5 dəfə artıb.

Bu gün Qusar tarixi ənənələrini bərpa edir, rayonumuz bağlar diyarına çevrilir. Sizin regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinə dair tapşırıqlarınızı rəhbər tutaraq ixrac qabiliyyəti və bazar qiyməti yüksək olan, rayonun iqlim şəraitinə daha çox uyğun gələn fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilib. Münasib torpaq sahələri müəyyənləşdirilib, sahibkarlara zəruri təşkilati-texniki dəstək göstərilib. Nəticədə son 3 ildə rayonda mövcud fındıq bağlarının sahəsi 2 dəfədən çox artaraq 6250 hektara çatıb, fındıq istehsalçılarının sayı 3,2 dəfə artıb. Bundan əlavə, son 5 ildə 2 min hektardan çox alma, gilas və digər meyvə bağları salınıb və rayon üzrə bu növ bağların sahəsi 4700 hektara çatdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ötən il rayon üzrə ümumilikdə, 24 min nəfər kənd təsərrüfatı sahəsində işlə təmin olunub.

Cənab Prezident, həyata keçirilən dövlət proqramına uyğun olaraq ötən illər ərzində rayonda sutkalıq istehsal gücü 15 ton olan çörək zavodu, illik istehsal gücü 300 min litr olan “Qusar-şərab-1” MMC kimi sənaye müəssisələri və digər təsərrüfatlar yaradılıb. Nəticədə bu illər ərzində rayonda 5465-i daimi olmaqla, 6523 yeni iş yeri açılıb. Bunlardan əlavə, rayon ərazisində bir çox avtomobil yolları əsaslı təmir edilib, onlarla yaşayış məntəqəsi qazlaşdırılıb, Qusar şəhərinin içməli su və