Azərbaycanın Sənaye Portalı

Yanvarın 25-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində kiçik və orta biznes (KOB) subyektlərinin bilik və bacarıqlarının artırılması üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi üzrə xidmətlər göstərən dövlət və özəl qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.Qeyd edək ki, İqtisadiyyat nazirinin 4 dekabr 2018-ci il tarixli əmri ilə yaradılmış Komissiyada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil, Maliyyə, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərinin müvafiq təlim-tədris mərkəzlərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl şirkətlərin nümayəndələri təmsil olunur.  Qarşılıqlı müzakirə şəraitində keçirilmiş iclasda KOB-lar üçün “ömür boyu öyrənmək” imkanının təmin edilməsi, bu sahədə ardıcıl və sistemli tədbirlərin görülməsi məqsədilə əlaqələndirmənin və prosesin optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Aidiyyəti qurumların nümayəndələri KOB-lar üçün təşkil etdikləri müxtəlif treninqlər, müasir maddi-texniki baza barədə məlumat verib, fəaliyyətin əlaqələndirilməsinə dair fikirlərini bölüşüblər.İclasda dövlət və özəl qurumlar tərəfindən kiçik və orta biznes üçün təşkil olunan təlimlərin əlaqələndirilməsi, müvafiq qurumların maddi-texniki bazasından və potensialından birgə və səmərəli istifadə, KOB-ların tədris və təlim ehtiyaclarının öyrənilməsi, təlim proqramlarının hazırlanması, bu sahədə müasir metodlardan və İKT-nin imkanlarından istifadə, maarifləndirici tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər nəzərə alınmaqla Komissiyanın 2019-cu il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması qərara alınıb.Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOB-lar üçün “ömür boyu öyrənmək” imkanlarının təmin olunması nəzərdə tutulur.