Azərbaycanın Sənaye Portalı

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə inşaat sektorunda fəaliyyət göstərən KOB-lar bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq İnşaat ("Baku Build" 2019) Sərgisində iştirak ediblər.

Sərgidə KOB-lar üçün ayrılmış stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, ağıllı ev, təhlükəsizlik sistemləri, landşaft memarlığı və s. məhsul və xidmətlər nümayiş olunur. KOBİA həmçinin, "Baku Build 2019” Sərgisinə dəstək göstərən qurumlar sırasındadır.

Sərginin açılış mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sənayenin, o cümlədən tikinti sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib, belə sərgilərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, 1995-ci ildən keçirilən sərgidə 35 ölkədən 5000-dən çox şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirib. Bu il də ənənəvi olaraq İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sərgiyə dəstək göstərir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin müxtəlif mexanizmlər çərçivəsində KOB-lara dəstək göstərdiyini, belə dəstək tədbirlərindən birinin də sahibkarların ixtisaslaşmış sərgilərdə iştirakının təmin edilməsi olduğunu qeyd edib. Bildirilib ki, “Baku Build” Sərgisində də KOBİA öz stendi ilə iştirak edir və burada inşaat sahəsində fəaliyyət göstərən KOB-ların məhsul və xidmətləri nümayiş olunur.

“Baku Build 2019” Sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi (“Caspian MebelExpo 2019”), 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi (“Securex Caspian 2019”) və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçirilir.  Sərgilər oktyabrın 25-dək davam edəcəkdir.