Azərbaycanın Sənaye Portalı

İyulun 16-da Bakı Biznes Mərkəzində Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

İclasda çıxış edən Birgə İşçi Qrupunun həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlərin, aparılan danışıqların Azərbaycan-Əfqanıstan əməkdaşlığının inkişafı üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazası yaradılıb, 15-dək sənəd sənəd imzalanıb, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb.

Sahib Məmmədov ötən il iki ölkənin ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün imkanları qeyd edib.  

İki ölkə arasında tranzit əməkdaşlığından danışan Birgə İşçi Qrupunun həmsədri ikitərəfli   tranzit yük daşımalarının həcminin artırılması istiqamətində görülmüş işlərin, bu sahədə “Tranzit Ticarət və Nəqliyyat üzrə əməkdaşlıq haqqında Saziş”in (Lapis Lazuli marşrutu) imzalanmasının əhəmiyyətini vurğulayıb. 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit əməkdaşlığının genişləndirilməsinə yeni imkanlar açır.

İclasda Azərbaycanda aparılan iqtisadi islahatlar, iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib, dünyanın ən çox islahat aparan ölkə elan olunub.

Əfqanıstanın Maliyyə naziri, Prezidentin baş müşaviri, Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Humayun Qayumi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişlənməsində iş adamları arasında görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

İclasda ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, təhsil, səhiyyə, nəqliyyat və s. sahələrdə əməkdaşlığən inkişafı perspektivləri müzakirə olunub.

Sonda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun iclasının yekunlarına dair Protokol imzalanıb.