Azərbaycanın Sənaye Portalı

13 dekabr 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyasının üzvləri ilə görüş keçirilib.

Görüşdə ağır sənaye və maşınqayırma sənayesinin mövcud vəziyyəti, inkişaf perspektivlərinin öyrənilməsi, müəssisələr arasında korporasiya əlaqələrinin qurulması, mövcud problemlərin vaxtında araşdırılması, həlli yollarının müəyyənləşdirilməsi, müvafiq istiqamətlər üzrə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında işəgötürənlərlə birgə əməkdaşlıq, eləcə də Mərkəzin istehsal imkanları ilə bağlı müzakirələr aparılıb.

Tədbir zamanı İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva etdirən Anlaşma Memorandumu imzalanıb.

Tədbirin sonunda maşın və avadanlıq istehsalçılarının -“Sumqayıt Texnologiyalar Parkı” MMC, “Gəncə Cihazqayırma Zavodu” ASC, “Asena Ko” MMC, “Best Teknik” MMC, “Bakı Universal Maşınqayırma” MMC, eləcə də Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında özəl investisiya əsasında model müəssisənin (zavodun) yaradılmasının dəstəklənməsi tədbiri üzrə model  müəssisə kimi seçilmiş “ATEF Şirkətlər Qrupu” MMC və “Azərmaş” ASC-nin nümayəndələri Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olmuş, əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Həmçinin həmin tədbirlə yanaşı, adıçəkilən Peşə Təhsil Mərkəzində müəssisələrin nümayəndələrinə Koreyalı ekspertlər tərəfindən qəlib və əritmə sahəsi üzrə təlim keçirilmişdir.