Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ağır sənaye və maşınqayırma sənayesi sahəsində əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, Özbəkistanın “Uzeltexnsanoat” şirkətinin nümayəndə heyətinin cari ilin 11 sentyabr tarixində Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilmişdir. Görüşdə “Uzeltexnsanoat” şirkətinin Azərbaycanın ağır sənaye və maşınqayırma sənayesində, o cümlədən elektrik avadanlıqlarının istehsalı iqtisadi fəaliyyət sahəsi üzrə fəaliyyət göstərən yerli sənaye müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və perspektivlərin yaradılmasında maraqlı olduqlarını bildirmişlər. Bununla əlaqədar olaraq, İqtisadiyyat Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə “Uzeltexnsanoat” şirkəti ilə “ATEF Şirkətlər Qrupu” MMC və “Gök-Nur Bakı LTD” şirkəti nümayəndələri arasında görüş keçirilmişdir. Görüş çərçivəsində “Uzeltexnsanoat” şirkəti müəssisələrimizin istehsal sahələri ilə yerində tanış olmuş və elektrik avadanlıqlarının birgə istehsalının yaradılmasına, eləcə də maşın və avadanlıqlarının quraşdırılması və təmiri üzrə xidmətlərin göstərilməsinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, “ATEF Şirkətlər Qrupu” MMC ilə “Uzeltexnsanoat” şirkəti arasında elektrik avadanlıqlarının birgə istehsalı, eləcə də maşın və avadanlıqlarının quraşdırılması və təmiri üzrə xidmətlərin göstərilməsinə dair əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Anlaşma Memorandumunun hazırlanması qərara alınmışdır. 2019-cu ilin oktyabr və ya noyabr aylarında  Özbəkistanın “Uzeltexnsanoat” şirkətinin ölkəmizə növbəti səfəri çərçivəsində adıçəkilən şirkət ilə “ATEF Şirkətlər Qrupu” MMC arasında Anlaşma Memorandumun imzalanması nəzərdə tutulur.

Bundan başqa İqtisadiyyat Nazirliyi tərəfindən ağır sənaye və maşınqayırma sənayesinin inkişafının təmin olunması, eləcə də qəbul edilmiş normativ-xarakterli sənədlərdə qeyd olunan tapşırıqların icrası istiqamətində işlər davam etdirilir.