Azərbaycanın Sənaye Portalı

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) təşkilatçılığı ilə “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda Konfrans keçirilib.

Tədbirdə KOBİA və ASK-nın nümayəndələri, eləcə də korporasiyada təmsil olunan müəssisələrin rəhbərləri iştirak ediblər.

Konfransda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.

Tədbirdə ASK-da təmsil olunan müəssisələrin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıblar, istehsal, satışın təşkili, ixrac, həmçinin kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və ASK arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.   

Konfrans çərçivəsində KOBİA və ASK arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın Baş direktoru Kamran Nəbizadə imzalayıblar. Memoranduma əsasən, tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.