Azərbaycanın Sənaye Portalı

“Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiya və Yenidənqurma layihəsi” çərçivəsində yerli mal-materialların və xidmətlərin satınalınmasına, yerli podratçıların layihədə iştirakının təşviqinin genişləndirilməsinə dair iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ilə İtaliyanın “Tecnimont” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Niccolo Heilpern arasında 2019-cu ilin 6 mart tarixində İqtisadiyyat Nazirliyinin inzibati binasında görüş keçirilmişdir.

Görüşdə Niyazi Səfərov yerli istehsalçı və təchizatçı müəssisələrin “Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiya və Yenidənqurma” layihəsinin icrasına cəlb edilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə layihənin başlanılmasının ilkin mərhələsində yerli istehsalçı və təchizatçı müəssisələrin, eləcə də “Tecnimont” şirkətinin nümayəndələrinin iştirakı ilə forum keçirilmişdir.

“Tecnimont” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Niccolo Heilpern layihənin icra vəziyyəti barədə ətraflı məlumat verərək bildirdi ki, layihənin icrası çərçivəsində görülmüş işlərin 50%-dən çoxu yerli şirkətlər tərəfindən həyata keçirilir və hazırda bu payın artırılması istiqamətində işlər aparılır. Bununla yanaşı, layihə çərçivəsində kadr təminatının artırılması, eləcə də tələbələrin təcrübə qazanmaları məqsədilə “Tecnimont” şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq imkanları müzakirə olunur. Eyni zamanda, “Tecnimont” şirkətinin Rusiya Federasiyasında həyata keçirdiyi layihələrə Azərbaycan şirkətlərinin də cəlb olunduğunu və müxtəlif sahələr üzrə əməkdaşlığın qurulduğunu vurğuladı.

Görüş çərçivəsində sözügedən layihəyə yerli istehsalçı və təchizatçı şirkətlərin iştirakının cəlb olunması imkanları və perspektivləri müzakirə olunmuşdur.