Azərbaycanın Sənaye Portalı

Böyük Britaniyanın cari ildə sınağına hazırlaşdığı yeni sistem sayəsində elektromobillər magistral yollarda hərəkətdə olarkən naqilsiz elektriklə təchiz oluna biləcək.

Britaniyanın dövlət şirkəti olan Highway England tərəfindən keçiriləcək sınaqlar “dinamik naqilsiz elektrik transferi” kimi tanınan texnologiyanın texniki-iqtisadi əsaslandırılması bitdikdən sonra başlanılacaq.

Yeni magistral yolların səthinin altına yerləşdiriləcək qurğu vasitəsilə naqilsiz şarj imkanları ilə təchiz edilmiş elektrik və hibrid mühərrikli avtomobillər hərəkətdə olarkən belə elektriklə təmin oluna biləcəklər. Sınaqlar uğurla tamamlandıqdan sonra yeni texnologiya bütün əsas şosse və magistral yollara quraşdırılacaqdır.

Britaniyanın nəqliyyat naziri Endru Consun (Andrew Jones) bildirdiyinə görə, avtomobillərin hərəkətdə olarkən şarj olunması qarşımızda geniş imkanlar açır və hökumət artıq bu texnologiyanın geniş tətbiqi məqsədilə növbəti beş il üçün 500 mln. ₤ məbləğində maliyyə vəsaiti ayırmağa hazırdır.

Avtomobil İstehsalçıları Cəmiyyətinin yaydığı məlumata görə, 2001-ci ildən indiyə kimi Britaniyada 35000 ədəd elektromobil qeydiyyatdan keçmişdir.

 

www.ibtimes.co.uk