Azərbaycanın Sənaye Portalı

Toyota şirkəti Silikon Vadisində süni intellektin araşdırılması və inkişaf etdirilməsi ilə məşğul olan bölmə açmağı planlaşdırır. Şirkət bu fəaliyyətə yaxın beş il ərzində 1 mlrd.$ investisiya edəcək.

Toyota Araşdırma İnstitutu (TRI) adlandırılan yeni bölmə şirkətin texniki məsləhətçisi Dr.Gill Pratt tərəfindən idarə olunacaq. Onun bildirdiyinə görə,  tədqiqatların aparılmasında məqsəd qəzaların baş vermə səbəblərini minimuma endirmək, eləcə də fiziki imkanlarından asılı olmayaraq hər kəsin avtomobil idarə edə bilməsinə şərait yaratmaqdır. Beş il ərzində layihəyə təxminən 200 nəfər mütəxəssis cəlb olunacaq.

Şirkət ikinci bölməsini isə Kembricdə Massaçusets Texnologiya İnstitutunun yaxınlığında açacaq və bu bölmənin 2016-cı ilin yanvar ayında fəaliyyətə başlayacağı planlaşdırılır. Şirkət inanır ki, süni intellekt gələcək sənaye texnologiyalarını dəstəkləməkdə və təmamilə yeni sənayenin yaradılmasında böyük imkanlara malikdir.

Əksər avtomobil istehsalçıları, eləcə də nəhəng texnologiya şirkətləri olan Google, Uber və Apple kimi “Toyota” da avtonom idarəetməni avtomobil sənayesinin gələcəyi hesab edir.

 

www.ibtimes.co.uk