Azərbaycanın Sənaye Portalı

Sinqapur tədqiqatçılarının fikrincə, “ağıllı ev” ideyasının uğurlu davamı intelektual divar kağızları olacaq. Sinqapur NanyanqTexnoloji Universitetinin tədqiqatçılarının ixtira etdikləri yeni növ çap elektronikası divar kağızlarını səs dinamikləri, mikrofonları, düymələri və sensorları olan rəqəmsal cihazlara çevirəcək.

“Hazırda biz elektron sxemləri istənilən tərkibdə material üzərinə çap edə bilərik. Tərkib kimi kağız, aluminium və ya plastik lövhə götürülə bilər. Ağıllı elektronikanı hətta divar kağızlarına da çap etmək olar” deyə Universitetin professoru Josef Çanq (Joseph Chang) keçən həftə Sinqapurda keçirilən Milli Ağıllı İnnovasiyalar (Smart Nation İnnovations) konfransında bildirmişdir.

Çanq həmçinin öz müsahibəsində bildirmişdir ki, səsli komandalarla idarə oluna bildiyindən belə bir elektronika xüsusilə yaşlı insanların köməyinə çatacaq: “Siz divarla danışırsız, o isə sizə səs gücləndirici ilə cavab verir. Mobil telefonu istifadə etmədən divar vasitəsilə zəngləri qəbul etmək və ya digər kömək almaq mümkün olacaq”