Azərbaycanın Sənaye Portalı

ABŞ-ın Wisconsin-Madison Universitenin mühəndisləri hərəkətdən enerji yığa bilən yeni şarj texnologiyası hazırlayıblar. Yeni texnologiya ayaqqabıya yerləşdirilə bilir və hərəkətdən topladığı elektriklə mobil qurğuların enerji ilə təchiz olunmasında istifadə oluna bilər.

Texnologiya konsepsiyası iki lövhədən və onların arasında yerləşdirilmiş keçirici maye ilə doldurulmuş rezervuardan  ibarətdir. Lövhələrdən birinin malik olduğu xırda dəliklər sayəsində hərəkət zamanı lövhələrarası məsafədə sıxılmış qaz yaranır. Bu qaz qabarcıqları digər elektroda toxunduqda dağılır. Beləliklə yaranan və dağılan qabarcıqların təkrarlanan hərəkəti mayeni irəli və geriyə itələyərək enerji yığılmasına səbəb olur. Toplanan enerjidən istifadə etmək üçün istifadəçi sadəcə mobil qurğunun adapterini dabanına birləşdirərək yoluna davam edə bilər.

Tədqiqatçıların bildirdiyinə görə, texnologiyanın hazırkı prototipi hər kvadrat metrə 10 vatdan çox elektrik istehsal edə bilir, adi smartfonların işləməsinə isə təxminən 2 vat elektrik tələb olunur. Texnologiya ümumilikdə 10 kilovatdan çox enerjini özündə saxlaya biləcək.

Digər tərəfdən, enerji toplaya bilən ayaqqabı həm hərbi sahədə, həm də inkişaf etməmiş ölkələrin elektrik şəbəkəsinə çıxışı olmayan ərazilərində enerji təminatına yardımçı ola bilər.

“İnsan gəzərkən çoxlu enerji yaradır. Nəzəri qiymətləndirmələr göstərir ki, ayaqqabının hər biri 10 vat elektrik istehsal edə bilir və bu enerji yalnız istiliyə sərf olunur. Hərəkət zamanı əldə olunan cəmi 20 vat müasir mobil qurğuların elektrik tələbatı ilə müqayisədə kiçik rəqəm deyil.”  deyə mexaniki mühəndislik professoru Tom Kupenkin bildirmişdir.

Hazırda Universitet alimləri yeni texnologiyanı özlərinin startap şirkəti olan “InStep NanoPower” vasitəsilə kommersiyalaşdırmağa hazırlaşırlar.

 

www.ibtimes.co.uk