Azərbaycanın Sənaye Portalı

Yapon şirkəti “Spread” tərəvəzlərin yetişdirilməsi üzrə dünyanın ilk tam robotlaşdırılmış fermasını istifadəyə verməyə hazırlaşır.

Fermada quraşdırılacaq sənaye robotları toxumların sulanmasından məhsul yığımına kimi prosesin bütün mərhələlərini müstəqil olaraq həyata keçirəcək. Yalnız toxumların əkilməsi zamanı insan qüvvəsindən istifadəyə ehtiyac olacaq.  Sahəsi 4400 kv. metr olacaq fermada gün ərzində 30 000 baş kahı istehsal oluna biləcək.

Yaponiyanın “Kansai Science City” texnoparkında fəaliyyətə başlayacaq ferma bir sıra istehsal xərclərinə qənaət etməyə imkan verəcək. Belə ki, yeni istehsal modeli sayəsində işçi qüvvəsi xərclərini 50%, tikinti xərclərini 25%, enerji xərclərini isə 30% həcmində ixtisar etmək mümkün olacaq. Həmçinin, fermada qurulacaq suyun təkrar dövriyyəsi sistemi sayəsində bir kahının yetişdirilməsinə sərf olunan suyun miqdarı 850 qramdan 100 qrama enəcək.

Yüksək texnoloji fermanın ilk məhsul yığımının 2017-ci ilin payızında olacağı planlaşdırılır.

 

www.sciencealert.com