Azərbaycanın Sənaye Portalı

Avstraliyanın Royal Melborn (Melbourne) Texnologiyalar İnstitutunun MikroNano Mərkəzinin tədqiqatçıları informasiyanı saxlaya və emal edə bilən elektron yaddaş hücrələri yaradıblar. İnsan saçından 10000 dəfə nazik olan hücrələr informasiyanı bir neçə variantda yaddaşda saxlayaraq beynin uzunmüddətli yaddaş funksiyalarını təqlid edir.

Tədqiqatçılar hücrəni əhəmiyyətli irəliləyiş adlandıraraq bildirirlər ki, hazırda mövcud olan elektron yaddaş hücrələri ya 0 ya da 1 olmaqla yalnız bir rəqəm saxlaya bilir. “Bizim hazırladığımız yaddaş isə bir hücrədə bir rəqəm deyil, böyük rəqəm diapazonu saxlamağa imkan verir.” deyə tədqiqat rəhbəri Hüseyn Nili (Hussein Nili) bildirmişdir.

The Advanced Functional Materials jurnalında ətraflı nəşr olunmuş tədqiqat tibbdə böyük inqilaba çevrilə bilər. Nilinin bildirdiyinə görə, yeni hücrələr Alzheimer və Parkinson kimi nevroloji xəstəliklərlə mübarizə aparmaq üçün bionik beynin yaradılmasında tədqiqatçılara kömək edə bilər. “Bu xəstəliklərlə mübarizədə bizim iki problemimiz olur: canlı beyinin içində gedən prosesləri anlamaq çətin olur və həmçinin yan təsirlər olmadan canlı varlıq üzərində təcrübələr aparmaq mümkün olmur. Bionik beyinlər yaradıldıqdan sonra bu tip xəstəliklərin bionik beyinlərə köçürülməsi tədqiqatların aparılmasını daha asan və əlçatan edəcək”

Bildirilir ki, yeni ixtira robotların inkişafına da əhəmiyyətli təsir edəcək. Müasir kompüterlər informasiyanı emal etmək üçün əvvəlcə onu rəqəmlərə çevirir. İnsan beynində isə informasiya bilavasitə emal olunur. Bu imkanın süni nevroloji şəbəkəyə köçürülməsi süni intellektin yaranmasının əsasını qoya bilər.