Azərbaycanın Sənaye Portalı

İtaliyanın Trento Universitetinin tədqiqatçıları dünyanın ən möhkəm təbii materialı ilə ən möhkəm süni materialını birləşdirərək, hətta təyyarəni saxlaya biləcək möhkəmlikdə “super lif” hazırlayıblar. Belə ki, üzərinə nazik qatda qrafen və nanoborular səpilmiş hörümçəklər rekord xarakteristikaları olan yüksək möhkəmlikdə tor qururlar.

“Həşəratların, qarışqaların və hörümçəklərin  zülal matrisləri və bərk toxumaları təbii şəkildə sink, manqan, mis kimi müxtəlif metallardan ibarətdir ki, məhz bunlar da onların dişlərinin, sümüklərinin, qurduqları torların mexaniki möhkəmliyinə səbəb olur. Bu zülal strukturlarına süni metalları da əlavə etməklə daha gücləndirilmiş matrislər əldə etmək olar” deyə tədqiqatçılar bildirir.

Qrafen örtüklü hörümçəklər təbiətdə mövcud olan ən güclü Darvin hörümçəyinin torundan 3,5 dəfə daha möhkəm torlar düzəldir.

Qrafen və nanoboruların tora necə qarışdığını hələ tam aydınlaşdırmayan tədqiqatçıların yeganə versiyası hörümçəklərin tor qurarkən ətrafında tapdığı bütün materiallardan istifadə etməsidir.

Tədqiqat qrupunun rəhbəri Nikola Puqno (Nicola Pugno) inanır ki, yeni materialın möhkəmliyi hazırda dünyada mövcud olan ən yüksək göstəricidədir və hətta ən möhkəm liflərdən sayılan kevlar sapını da ötür. Onun fikrincə, oxşar üsullardan gələcəkdə yeni sinif bionik materialların hazırlanmasında istifadə oluna bilər.