Azərbaycanın Sənaye Portalı

Almaniyanın avtomobil istehsalçısı "Audi" su və karbon dioksiddən “gələcəyin yanacağı” adlandırdığı sintetik dizel yanacağı hazırlayıb.

“Mavi neft” adlanan yeni yanacaq suyun 800 dərəcə temperaturda qızdırılması və əks elektroliz vasitəsilə sudan hidrogenin ayrılmasına əsaslanır. Ayrılan hidrogen yüksək təzyiq və temperaturda karbon dioksidlə (CO2) qarışdırıldıqdan sonra zəncir karbohidrogenlərdən ibarət maye alınır. Məhz bu mayedən e-diesel istehsal olunur.

Sintetik dizelin tərkibində kükürd və neft yağı olmadığından ətraf mühitə ziyanlı təsirləri minimum səviyyədədir.

Almaniya Federal Təhsil və Tədqiqatlar naziri Dr. Cohana Vanka (Dr Johanna Wanka) yeni yanacağı  öz Audi A8 xidməti avtomobili üçün istifadə edib və bildirib: “Karbon dioksid istifadə olunaraq alınan sintetik dizel bizim davamlı tədqiqatlarımızın uğurlu nəticəsidir. Əgər biz karbon dioksidi xammal kimi istifadə etməyi genişləndirə bilsək, resursların səmərəli istifadəsinə və ətraf mühitin müdafiəsinə həlledici töhfə verməklə “yaşıl iqtisadiyyat”ın əsasını qoymuş olacağıq.”

Avtomobil şirkəti bu sahədə "Sunfire" şirkəti ilə əməkdaşlıq edərək gündə 160 litr e-dizel istehsal etməyi planlaşdırır. Belə yanacağın gözlənilən bazar dəyəri 1 litr üçün 1-1,5 avro arasında dəyişəcək.