Azərbaycanın Sənaye Portalı

Kosmetika konqlomeratı “L'Oreal” məhsullarının sınağı və qabaqcıl tədqiqatların aparılması məqsədilə üçölçülü çapetmə (3D printing) ilə insan dərisi toxuması hazırlamaq üçün bioçap şirkəti olan “Organovo” ilə əməkdaşlığa başladığını elan edib.

Bildirilir ki, tədqiqatın maliyyələşdirilməsi və qiymətləndirilməsi L'Oreal tərəfindən həyata keçiriləcək. Laborator şəraitində yaradılacaq dəri tələblərə cavab verərsə, “Organovo” məhsula müstəsna hüquqlar əldə edəcək.

Garnier, Kiehl's, Lancome, L'Oreal Paris, Maybelline New York, Urban Decay and Redken də daxil olmaqla, 30 dünyaca məşhur kosmetik brendə sahiblik edən L'Oreal Group 1989-cü ildən etibarən məhsullarının sınaq testlərinin heyvanlar üzərində aparılmasını dayandırmış və sınaq predmeti kimi süni dəri toxuması olan “EpiSkin”dən istifadəyə başlamışdır.

"Organovo" şəxsi 3D-bioçap texnologiyasını istifadə edərək canlı insan toxuması hazırlayır ki, bu çap hüceyrələrindən də insan orqanları yetişdirmək mümkün olur. Belə ki, aprel ayında şirkət “exVive3D liver model” adlandırdığı üçölçülü çap olunmuş böyrək toxumasını hazırladığını bildirmişdir. Məhz bundan sonra nəhəng dərman şirkəti olan “Merck & Co” yeni dərman preparatlarının təkmilləşdirilməsi üçün "Organovo" ilə NovoGen bioçap texnologiyasının və “exVive3D liver” modelinin istifadəsi haqqında çoxillik müqavilə bağlamışdır.

Eyni zamanda, hazırda ABŞ-ın Yel (Yale) Universitetinin Mühəndislik və tətbiqi elmlər fakultəsi və Cərrahiyyə kafedrası transplantasiya edilə bilən bioçap orqanlarının yaradılması məqsədilə Organovo ilə birlikdə tədqiqatlar aparır.

Bioçap texnologiyasının yeni yaranmasına baxmayaraq, analitiklərin fikrincə, artıq 2016-cı ildə tibbdə üçölçülü çapedilmiş insan orqanları geniş istifadə olunacaq.