Azərbaycanın Sənaye Portalı

Çində üz tanıma texnologiyası olan dünyanın ilk bankomatı hazırlanıb. Yeni texnologiyaya əsasən, istifadəçinin üzü kart sahibinin identifikasiya yoxlamasından keçməsə, aparat vəsaitləri nağdlaşdırmır.

Biometrik bankomat Sinxua (Tsinghua) Universiteti və Sekvan (Tzekwan) texnologiya şirkətinin birgə tədqiqatları nəticəsində yaradılıb.

Aparatın daxilinə yerləşdirilmiş kamera istifadəçinin üz cizgilərinin şəklini çəkir və onları öz bazasında olan identifikasiya şəkilləri ilə müqayisə edir. Tədqiqatçıların dediyinə görə, aparat insanın bioloji xüsusiyyətlərini nəzərə aldığından, insanların  üz cizgiləri dəyişsə belə onları tanıya bilir.

Sekvan şirkətinin rəhbəri Qu Zikunun (Gu Zikun) sözlərinə görə, bankomatlar tezliklə satışa çıxarılacaq. Qu inanır ki, yeni aparatlar maliyyə cinayətləri ilə mübarizədə polislərə kömək edəcək, həmçinin, bank hesablarından olan oğurluqların qarşısını alacaq. Eyni zamanda, bankomat yüklənən hər bir pul nişanının seriya nömrəsini qeyd edirki, bunun da nəticəsində saxta pul nişanı daxil etməyə çalışanlar müəyyən edilə biləcək.

Bildirilir ki, dünya üzrə istifadə olunan orta statistik bankomatlarla müqayisədə yeni aparatlar müxtəlif valyutaların həqiqiliyini 20% daha dəqiq yoxlayır.

Bununla yanaşı, bu texnologiya təhlükəsizliyin artırılması və istifadə xərclərinin azaldılması məqsədilə hələ təkmilləşdirilmə mərhələsindədir.

 

www.ibtimes.co.uk