Azərbaycanın Sənaye Portalı

ABŞ-ın Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Qabaqcıl Müdafiə Tədqiqatları Layihələri Agentliyi (DARPA) beyin-kompüter interfeysi üzərində tədqiqatlara başlayıb. İnterfeys insan beyni ilə rəqəmsal qurğular arasında kommunikasiyanı təmin edə bilən 1 kub sm ölçülü  implant sayəsində mümkün olacaq.

Neural Engineering System Design (NESD) proqramı çərçivəsində hazırlanan yeni implant qurğu beyin neyronlarının elektrokimyəvi dilini 1 və 0-dan ibarət informasiya texnologiyalarının dilinə çevirə biləcək. Yeni interfeysə 100 kanal üzrə böyük həcmdə məlumat toplana biləcək və hər bir kanal eyni zamanda minlərlə neyrondan siqnalları özündə cəmləyəcək.

Yeni texnologiyanın hazırlanması sintetik biologiya, neyrobiologiya, klinik tədqiqatlar, fotonika, tibbi alətlər istehsalı və sistem mühəndisliyi kimi bir sıra elmi sahələrin də təkmilləşdirilməsini vacib edir.

“Proqramın icrası gözləntiləri doğruldarsa, bu neyrotexnologiya sahəsində ciddi çevriliş olacaq. İmplanta toplanmış sensor informasiyanı bir sıra istiqamətlərdə, o cümlədən görmə və eşitmə qüsuru olan xəstələrin müalicəsində, həmçinin, digər xəstəliklərin yeni müalicə metodlarının hazırlanmasında istifadə etmək mümkün olacaq” deyə proqram meneceri Filip Alvelda bildirmişdir.

“DARPA” yaxın dörd il ərzində neyrotexnologiya proqramının icrasına 60 mln.$ investisiya etməyi planlaşdırır.

 

www.ibtimes.co.uk