Azərbaycanın Sənaye Portalı

ABŞ-ın Ayova Dövlət Universitetinin mühəndisləri obyekti radar detektorlarından gizlədə bilən yeni elastik material hazırlayıblar.

Yeni materialın strukturunu təşkil edən maye metaldan hazırlanmış çoxsaylı kiçik elementlər müəyyən diapazonlu radiodalğaları udaraq obyektləri radarlardan gizlədə bilir. “Meta-skin” adlandırılan materialın əsası elastik silikon layları arasında yerləşdirilmiş həlqəvari rezonator qəfəsidir. Rezonatorlar qalinstan adlanan metal ərintisindən hazırlanır və hər birinin xarici radiusu 2,5 mm və qalınlığı 0,5 mm olan kiçik həlqələrdən ibarətdir. Sınaq müşahidələri zamanı yeni örtük materialın radar siqnallarının 75%-nin qarşısını ala bildiyi sübut olunmuşdur.

“Bundan sonrakı əsas məqsədimiz materialda istifadə olunan rezonans elementlərin həcmini kiçiltməklə materialın ölçülərini azaltmaqdır. Bununla da biz materialı görünən və infraqırmızı işıq kimi yüksək tezlikli elektrik dalğalarına qarşı  görünməz edə biləcəyik. Bu qabaqcıl nanoistehsal texnologiyaları sayəsində mümkün olacaq və əgər bütün bunları etməyə nail ola bilsək, təkcə radiodiapazonda deyil, həm də optik diapazonda işləyən gözəgörünməz material əldə edə biləcəyik” deyə tədqiqat rəhbəri Liang Dong bildirib.

 

www.theengineer.co.uk