Azərbaycanın Sənaye Portalı

ABŞ və Çindən olan tədqiqatçılar işıq şüaları ilə kağıza çap etməyin yeni üsulunu hazırlayıblar. Yeni texnologiya ənənəvi mürəkkəb əsaslı çapetmə ilə müqayisədə daha ucuz və asan proses vəd edir.

Alimlərin hazırladığı xüsusi nanohissəcikli örtük normal kağıza asanlıqla hopur və üzərində ultrabənövşəyi işıqlar yananda rəngini dəyişir. Səth 120 dərəcə selsi temperaturuna qədər dəyişdikdə rəng dəyişə bilir və 80 dəfə silinib yenidən yazıla bilir. Yeni örtüyün hazırlanması üçün rəngini dəyişə bilən mavi piqmentlərdən və fotokatalitik material olan titanium dioksid (TiO2) istifadə olunub. İki maddə qarışdırılaraq hazırlanan tünd mavi örtüyə ultrabənövşəyi şüalar təsir etdikdə  titanium dioksid hissəciklərinin isinərək yaratdığı elektronlar mavi piqmentlərin rəngini dəyişməyə səbəb olur. Bu metodla mahiyyətcə kağızın boş hissələri çap olunur.

Tədqiqatçıların fikrinə görə yüksək keyfiyyətli işıq çap texnikası qəzetlərdən tutmuş reklam etiketlərinədək hər yerdə istifadəyə imkan verərək kağız və mürəkkəb xərclərinə qənaət etməyə imkan yaradacaq.“Xüsusi işıq çap kağızı adi kağız kimi görünsə də, əlavə mürəkkəbə ehtiyac olmadan təkrarən çap oluna və silinə bilir. Bizim məqsədimiz müasir cəmiyyətə böyük iqtisadi və ekoloji töhfələri verməkdir. Yeni metod sahibkarların kağız və katric xərclərinə qənaət etməklə yanaşı ekoloji üstünlüklərə də malikdir. Belə ki, ABŞ-ın tullantılarının 40%-ini korlanmış kağızlar təşkil edir və təkcə ofis dəftərxanalarının ehtiyacını ödəmək üçün ildə təxminən 68 milyon ağac kəsilir.“ deyə Koliforniya Universitetinin tədqiqat qrupunun nümayəndəsi Yadong Yin bildirmişdir.

 

www.sciencealert.com