Azərbaycanın Sənaye Portalı

Dubay xilasediciləri hündür mərtəbəli binalarda baş verən yanğın və digər fövqəladə hallarda istifadə etmək üçün uçan və havadan asılı qala bilən reaktiv çantadan (jetpack) istifadə edəcək. “Martin Jetpack” adlanan dünyanın ilk fərdi reaktiv çantası Yeni Zellandiyalı “Martin Aircraft” şirkətinin son 30 ildə həyata keçirdiyi tədqiqatlar nəticəsində hazırlanmışdır.

Reaktiv çanta yan tərəflərdə yerləşdirilmiş iki ventilyatoru idarə edən 4200 at güclü mühərriklə təchiz olunub.  Şaquli formada havaya qalxan və eniş edə bilən qurğu 30 dəqiqə ərzində 74 km/saat sürətlə 1000 m yüksəkliyə qədər uça bilir. Qurğu ən çox 120 kq yük götürür.

Noyabrın 9-da keçirilmiş Dubay Hava Sərgisində 20 pilotlu və pilotsuz reaktiv çanta, 2 uçuş simulatoru, pilot və mühəndis təliminin təmin olunması haqqında Martin Aircraft şirkəti ilə Dubay Mülki Müdafiə Qüvvələri arasında müqavilə imzalanıb.

“Dubay Mülki Müdafiənin əsas məqsədi insan həyatını qorumaq, sürətli peşəkar xidmət göstərməkdir. Dubay öz müasir göydələnləri və geniş infrastrukturu ilə dünyanın yüksək sürətlə inkişaf edən şəhərlərindən biridir və o həmişə insan həyatını qorumaq və inkişaf etdirmək məqsədilə yeni texnologiyanı tətbiq etməkdə dünya lideri olmuşdur.” deyə  Dubay Mülki Müdafiənin əməliyyat rəhbəri Əli Həsən Almutava bildirmişdir.

“Martin Jetpack” 2016-cı ilin ortalarından sonra satışa çıxarılacaq və birinin pərakəndə satış qiyməti 150 000 dollar təşkil edəcək.