Azərbaycanın Sənaye Portalı

İşçiləri robotlardan ibarət dünyanın ilk oteli "Henn-na Hotel"in Yaponiyanın Naqasaki prefekturasında bu ilin yay aylarında açılması planlaşdırılır.

Naqasakinin "Huis Ten Bosch" tematik parkında iyul ayının 17-də açılacaq "Henn-na Hotel" in işçiləri insan mimikalı aktroid robotlardan ibarət olacaqdır ki, bunun da sayəsində xərclərə kifayət qədər qənaət olunacaq.  

72 otaqlı otelə xidmət edəcək 10 robot otaqların təmizlənməsi, baqajın daşınması, qəbulda qonaqların qarşılanması kimi bacarıqlara sahib olacaq. Aktroid robotlar yapon, çin, koreya və ingilis dillərində təmiz danışacaq və nəfəs almaq, göz qırpmaq, göz təması qurmaq kimi bir sıra insani xüsusiyyətlərə malik olacaq.

Otelin digər unikal funksiyası isə üz-tanıma sisteminin quraşdırılmasıdır ki, nəticədə qonaqlar otağa açarsız daxil ola biləcək.

“Biz dünyanın ən səmərəli otelini yaradacayıq. Gələcəkdə otel xidmətlərinin 90%-dən çoxunun robotlar tərəfindən yerinə yetirilməsini istəyirik” deyə "Huis Ten Bosch" parkının prezidenti Hideo Savada bildirmişdir.

Otel kompleksinin birinci 72 otaqlı binası bu il, növbəti 72 otaqlı binası isə gələn il istifadəyə veriləcək. Otaqların qiyməti 7000 yen (60 dollar) və 14000 yen (153 dollar) arasında dəyişəcək.