Azərbaycanın Sənaye Portalı

Avropa İttifaqı və Çin beşinci nəsil (5G) mobil əlaqənin hazırlanması üçün əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Razılaşmanın şərtlərinə görə, tərəflər 5G bağlantısının standartlaşdırılması üzrə tədqiqat işlərini bir-biriləri ilə bölüşəcəklərini, Aİ və Çin ərazisində olan 5G assosiasiyalarına üzvlüyə və araşdırmaların maliyyələşdirilməsinə icazə verəcəklərini vəd edirlər.

Müqaviləyə əsasən, Avropa İttifaqının “5G PPP” Assosiasiyası və Çinin “IMT-2020 (5G)” Assosiasiyası 5G texnologiyasının araşdırılması və inkişaf etdirilməsi üzrə birgə çalışacaqlar.

Avropa Komissiyası 2014-cü ilin iyun ayında Cənubi Koreya ilə və 2015-ci ilin may ayında Yaponiya ilə eyni mövzulu müqavilələr bağlamışdır. Həmçinin, Komissiya “Horizon 2020” Proqramı vasitəsilə 5G texnologiyası tədqiqatlarına 700 mln. avro vəsait yatırmışdır.

Saniyədə 20 GB ötürmə surəti vəd edən 5G texnologiyası saniyədə 1GB surəti olan hazırkı 4G standartını üstələyəcək. Bu texnologiyanın Əşyaların İnterneti (Internet of Things) adlandırılan və ev, maşın, məişət əşyaları, naqilsiz qurğuları bir-birilə əlaqələndirəcək şəbəkənin əsası olacağı nəzərdə tutulur.

5G texnologiyası 2020-ci ilə qədər satışa çıxarılacaq.

 

www.cnet.com