Azərbaycanın Sənaye Portalı

Texnologiya sahəsində ən yaxşı şirkətlərin, laboratoriya və universitetlərin birləşdiyi “Flextech” Konsorsiumu elastik elektronikanın istehsalının təkmilləşdirilməsi məqsədilə ABŞ-ın Müdafiə Departamenti ilə əməkdaşlığa başlayıb. Departament “FlexTech Alliance” kimi tanınan Konsorsiuma beş il müddətinə federal büdcədən 75 mln.$ və digər maliyyə mənbələri hesabına isə 96 mln.$ qrant ayıracaq.

Konsorsiuma Apple, Boeing, General Electric, General Motors, Lockheed Martin, Motorola Mobility, Qualcomm şirkətləri, eləcə də Massaçusets Texnologiya İnstitutu, Cornell, Harvard, Stanford, Nyu York universitetləri daxil olmaqla, 100-dən çox qurum daxildir.

Ümumilikdə, “FlexTech” İttifaqı və ABŞ Müdafiə Departamenti (DoD) elastik elektronikanın ölçüsünü, çəkisini və maya dəyərini azaldaraq səmərəliliyinin artırılmasına çalışır. Bu sahəyə ayrılan dövlət qrantlarının məqsədi isə ABŞ daxilində elastik elektronikaların istehsal şəbəkəsinin yaradılmasıdır.

“FlexTech” Konsorsiumu tezliklə, baş ofisi Kaliforniyanın San Jose şəhərində yerləşəcək Elastik Hibrid Elektronikalar üçün İnnovasiyalar İnstitutunun (Manufacturing Innovation Institute for Flexible Hybrid Electronics) yaradılmasına hazırlaşır. Elastik elektronikaların təyyarə, hərbi və tibbi alətlər və ya gündəlik elektron cihazlarda geniş istifadəsi nəzərdə tutulur.

 

www.theverge.com