Azərbaycanın Sənaye Portalı

Yer kürəsinin 70 %-i su ilə örtülməsinə baxmayaraq, bu suyun 97 %-i duzludur və içməyə yararlı deyil. Son hesablamalara əsasən, dünya əhalisinin 700 milyonu təmiz su əldə edə bilmir və 2025-ci ildə bu rəqəmin 1,8 milyarda çatacağı gözlənilir.

Misirin Aleksandria (Alexandria) Universitetinin tədqiqatçıları duzlu suyu dəqiqələr içərisində içməli suya çevirən yeni texnologiya hazırlayıblar.

Bu məqsədlə tədqiqatçılar pervaporasiya texnikasından istifadə ediblər. Texnologiya sayəsində su sintetik membranlar vasitəsilə böyük hissəciklərdən təmizlənir. Daha sonra su buxarlanma həddinə qədər qızdırılır və xırda hissəciklərdən təmizlənmək üçün kondensasiya edilir.

“Yeni texnologiya elektrik tələb etmədiyindən hazırda Misirdə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrində istifadə olunan texnologiyalarla müqayisədə daha sərfəlidir. Bu texnologiya Qırmızı Dənizin suları kimi yüksək duzlu hövzələrdə səmərəli şəkildə istifadə oluna bilər.” deyə Misirin Milli Tədqiqat Mərkəzinin professoru Həlmi Əl-Zenfali (Helmy El-Zanfaly) bildirmişdir.

Tədqiqat avqust ayında Su Elmləri və Texnologiyaları (Water Science and Technology) jurnalında dərc olunmuşdur.
 

www.forbes.com