Azərbaycanın Sənaye Portalı

Vyana Universitetinin tədqiqatçıları karbindən istifadə edərək dünyanın ən möhkəm materialını hazırlamağa nail olublar.

Karbin materialı xətti asetilenik karbon kimi ilk dəfə Adolf von Bayer tərəfindən 1885-ci ildə təklif edilmişdir. İndiyə kimi bu materialın karbon zəncirinin rekord uzunluğu 100 karbon atomunu ötməmişdir.

Tomas Piçler tərəfindən rəhbərlik edilən Vyana Universitetinin tədqiqatçıları isə 6400 karbon atomundan ibarət karbon zəncirlərinin hazırlanmasının yeni metodunu tapıblar. Buna nail olmaq üçün tədqiqatçılar iki laylı qrafeni bir birinə dolayaraq ikiqatlı nanoborular yaradıblar və rekord uzunluqda olan karbon zəncirlərini məhz  bu boruların daxilində yetişdiriblər. Yeni metodla hazırlanan karbon zəncirləri əvvəlkinə nisbətən 50 dəfə daha uzundur.

“Bu tədqiqat karbon əsaslı materialların elektronik və mexaniki xassələrini açmaq və idarə etmək üçün  təcrübə ilə nəzəriyyə arasında səmərəli əlaqənin uğurlu nümunəsi oldu. Bunun nəticəsində ən uzun karbon zəncirini yarada bildik. Belə zəncirin mövcudluğunu sübut etmək üçün tədqiqatçılar müxtəlif növ spektroskopiya və rentgen şüalarından istifadə etdilər. Tədqiqat zamanı araşdırılan karbinin mexaniki və elektronik xassələri yeni nanoelektronika və optomexanika qurğularının hazırlanmasına geniş imkanlar açır.” deyə tədqiqatçı Angel Rubio bildirmişdir.

Karbin gücünə görə bütün digər karbon materiallarını geridə qoyaraq, almazdan 40 dəfə, qrafendən isə iki dəfə möhkəmdir.

 

www.dailymail.co.uk