Azərbaycanın Sənaye Portalı

“Apple” şirkəti bugün ABŞ-ın San-Fransisko şəhərində keçirilmiş təqdimatda yeni model məhsullarını - iPhone 6s və 6s Plus smartfonlarını, iPad Pro planşetini, Apple TV televizor əlavəsini təqdim edib.

Təqdimatda çıxış edən “Apple” şirkətinin icraçı direktoru Tim Kuk (Tim Cook) yeni məhsulların fərqli özəlliklərini nümayiş etdirib. Belə ki, yeni “iPhone 6s” and “6s Plus” smartfonlarına tətbiq olunmuş son nəsil sensor texnologiyası - 3D Touch sayəsində toxunma təzyiqindən asılı olaraq fərqli funksiyalar icra edilə bilir. Həmçinin, smartfonların təkmilləşdirilmiş kamerası 12 MP şəkillər və 4K video görüntülər çəkməyə imkan verir. 

Yeni smartfonlar "iPhone 6s" modeli üçün 539 ₤ və "6s Plus" modeli üçün isə 619 ₤ -dən başlayan qiymətlərlə sentyabr ayının 25-dən etibarən satışda olacaq.

Şirkətin indiyə kimi hazırladığı planşetlər sırasında ən böyüyü olan “iPad Pro” ekranı 12,9 dyumdur və bir dəfəyə 10 saat işləyə bilir. Yeni planşetin təchiz olunduğu A9X prosessoru əvvəlki ilə müqayisədə iki dəfə sürətlidir. Planşeti daha iki aksessuarı – Smart Keyboard və Apple Pencil tamamlayır. Smart Keybord üzlük-klaviaturası planşetə taxıldıqda onu əsl dizüstü kompüterə çevirir. Smart Pencil qələmi isə qrafik və ofis proqramları ilə işləyənlərə geniş imkanlar açır.

"iPad Pro" planşeti 32 GB-lıq model üçün 799 $ və 128 GB-lıq model üçün 1,079 $-dan başlayan qiymətlərlə noyabr ayından satışda olacaq. Eyni zamanda, Apple Pencil qələmi 99 $ və Smart Keyboard klaviaturası 169 $ qiymətilə satışa çıxarılacaq.

Şirkət, həmçinin, “Apple TV” televizor əlavəsini əhəmiyyətli dərəcədə təkmilləşdirib. Belə ki, yeni “Apple TV” “iOS”un dəyişdirilmiş versiyası olan “tvOS” əməliyyat sistemi ilə işləyir. Qurğuya inteqrasiya edilmiş “Siri” səs köməkçisi vasitəsilə müəyyən aktyorun iştirakı ilə olan filmləri onların adlarını səsləndirməklə tapmaq və ya təkrar baxılmaq istənilən hissəsinə çəkmək mümkün olacaq.

“Apple TV”nin 32 GB-lıq yaddaşla təchiz edilmiş modelinin dəyəri 149 $, 64 GB-lıq modeli isə 199 $ qiymətilə oktyabr ayının sonunda satışa çıxarılacaq.

 

www.ibtimes.co.uk