Azərbaycanın Sənaye Portalı

Amerikanın Milli Aerokosmik Agentliyinin (NASA) hazırladığı elektriklə işləyən pilotsuz “Greased Lightning” (GL-10) təyyarəsinin ilk sınaq uçuşları uğurla başa çatıb. Təyyarə 10 mühərrikdən istifadə edərək helikopter kimi şaquli havalandıqdan sonra təyyarə kimi uçmağa davam edir.

Qanadlarının uzunluğu 3,05 metr olan nümunəvi təyyarə hər qanadında 4 və quyruq hissədə 2 ədəd olmaqla 10 elektromotora malikdir və uçuş halında 28,1 kq çəkidədir. Agentlik yeni təyyarəni uzaq məsafələrdə xəritəçəkmə, havadan nəzarət və ən çoxu 4 nəfər olmaqla sərnişindaşımada istifadə etməyi planlaşdırır.

"NASA"nın Hamptonda (ABŞ, Virciniya) yerləşən Lenqli (Langley) Tədqiqat Mərkəzinin mühəndisləri indiyədək təyyarənin müxtəlif materiallarda və müxtəlif çəkilərdə 12 prototipini hazırlayıblar. “Hər bir prototip əlavə itki olmadan texniki problemləri həll etməyə kömək etdi. Baxmayaraq ki, bəzi prototiplər “sərt enişə” tab gətirmədi, amma uçuşun idarəetmə sisteminin təkmilləşdirilməsinə səbəb oldular. Biz hər uğursuzluqdan təcrübə yığaraq irəliləyə bildik” deyə aerokosmik mühəndisi Devid Nort (David North) bildirmişdir.

Bildirilir ki, bu təyyarə adi helikopterlərə müqayisədə dörd dəfə daha aerodinamikdir, həmçinin adi təyyarələrə nisbətən daha səssizdir. Hazırda mühəndislər təyyarənin helikopter rejimindən təyyarə rejiminə daha rəvan keçidini təmin etmək üzərində işləyirlər.

Pilotsuz "G-10" Atlanta şəhərində keçiriləcək Beynəlxalq Pilotsuz Nəqliyyat Vasitələri Assosiasiyası 2015  (Association for Unmanned Vehicles Systems International 2015) konfransında nümayiş olunacaq.