Azərbaycanın Sənaye Portalı

“Windows 10” təkcə vərdiş etdiyimiz rəqəmsal devaysları deyil, həm də məişətdə istifadə etdiyimiz elektronikanı idarə edə biləcək əməliyyat sistemi (ƏS) ola bilər. “AllJoyn” açıq kodlu proqram platformasından istifadə etməklə, “Microsoft” şirkətinin növbəti ƏS-i “Əşyaların İnterneti”nin əsasını təşkil edə bilər. Beləliklə, “Əşyaların İnterneti” yalnız uzaq gələcəkdə yarana biləcək fantastik möcüzə hesab olunmayacaq. Bu, demək olar ki, artıq yaxın gələcəyin texnologiyasıdır.

“Windows 10” bu il iyulun 29-da istifadəyə veriləcək. ƏS “AllJoyn” açıq standartını dəstəkləyəcək. Çox güman ki, tezliklə İnternetə təkcə kommunikasiya əlavələri deyil, həm də məişət texnikası daxil ediləcək. 

“AllSeen Alliance” alyansı tərəfindən hazırlanan “AllJoyn” “Əşyaların İnterneti” qurğularının yayılmış dilidir. Onun ilk dəfə dəstəklənməsi o deməkdir ki, “Windows 10” bazasında istənilən qurğu şəbəkədə istənilən AllJoyn-devaysı idarə edə biləcək.

“AllSeen Alliance”a dünyanın 150 şirkəti daxildir, bu şirkətlər əşyalar arasında kommunikasiyaları dəstəkləyən açıq standartlı proqram platformasının yaradılması üçün bütün səylərini səfərbər edirlər. 

“AllJoyn” Linux, Windows (Microsoft), Android (Google) və iOS (Apple) daxil olmaqla, bütün əsas platformalarla işləyə biləcək.

“AllSeen Alliance” alyansının və “AllJoyn” protokolunun məqsədi adi qoşulma yolu ilə əşyaların şəbəkədə birləşməsidir. Yetər ki, məsələn, 79-düym ekranlı yeni LG (Ultra HD 4K) televizoru şəbəkəyə qoşulsun, bu zaman televizor şəbəkədə hər bir devaysla əlaqə yaradacaq.

 

www.ict.az