Azərbaycanın Sənaye Portalı

Alman şirkəti “MX3D” üçölçülü çap robotları vasitəsilə kanal üzərində körpü inşa etməyi planlaşdırır.

Layihə üçölçülü çap şirkəti “MX3D”, dizayn üzrə proqram təminatı şirkəti “Autodesk”, tikinti şirkətləri “Heijmans” və “AirLiquid”in birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. Şirkət mütəxəssisləri körpünün tikintisinin Niderlandın Amsterdam şəhərində kanalların birinin üzərində aparılmasına razılıq alıblar.

Körpünün poladdan hazırlanması nəzərdə tutulur. Tikintidə istifadə olunacaq “ABB” şirkətinin robotları üçölçülü çapetməni və metalın qaynağını eyni zamanda həyata keçirə bilir. Layihənin möhkəm və davamlı olması üçün metal qaynaqdan öncə robotun xüsusi dizayn olunmuş qolları vasitəsilə 1500 ºC (2 732 ºF) qədər qızdırılacaq.

Üçölçülü çap olunmuş metalın möhkəmliyi Delft Texnologiya Universiteti (TU Delft) tərəfindən yoxlanılmış və belə metalın normal paslanmaz poladın möhkəmliyinin 90 %-ini saxladığı təsdiqlənmişdir.

“Mən üçölçülü çapa əsaslanan rəqəmsal istehsalın gələcəyinə çox inanıram. Bu körpü üçölçülü çapın böyük miqyaslı və funksional obyektlərin yaradılmasındakı əvəzsiz rolunu sübut edəcək” deyə layihənin dizayneri Coris Lamen (Joris Laarman) bildirmişdir.

Cari ilin sentyabrında inşasına başlanacaq körpünün 2017-ci ilin sonuna hazır olması planlaşdırılır.

 

www.gizmag.com