Azərbaycanın Sənaye Portalı

2-5 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransı keçiriləcək. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilmişdir. Uzun illər “Bakutel” sərgisindən öz dəyərli dəstəyini əsirgəməyən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və formalaşmasında mühüm rol oynamışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.

Artıq bu günə qədər Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləmişlər. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Sərginin debütantları arasında Rusiya, ABŞ və Türkiyənin bir sıra aparıcı şirkətləri də yer alır. Sərginin qeydiyyat üzrə sponsoru “Eurodesign” şirkətidir.

Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram “Bakutel” sərgisinin səciyyəvi cəhətidir. Çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.