Azərbaycanın Sənaye Portalı

“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində müşahidə nəzarəti və məlumat alınması (SCADA) sistemi, fiber-optik kabel təchizatı və çatdırılması üzrə tender elan edilib.

Bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, tenderdə mühəndislik, tədarük və SCADA, telekommunikasiya və təhlükəsizlik sistemlərinin quraşdırılması nəzərdə tutulub.

TAP-ın layihə direktoru Norman İnqramın sözlərinə görə, bu tenderin başlanması ilə layihənin satınalma prosesində mühüm mərhələyə qədəm qoyulur.

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində də Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).

AZƏRTAC