Azərbaycanın Sənaye Portalı

18-20 noyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6cı Beynəlxalq “Ətraf mühit” (“CTE 2015”) sərgisi keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “CTE” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

“СТЕ 2015” sərgisi Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən olan şirkətləri bir araya toplayacaq. Ətraf mühit sərgisində ardıcıl olaraq ikinci il iştirak edən Çexiya milli stendi isə 7 şirkəti təqdim edəcəkdir. Sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, “Təmiz Şəhər” ASC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi dövlət strukturları, eləcə də ilk dəfə olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi iştirak edir.

Bu il keçiriləcək sərginin debütantları arasında İsveçrə, Çexiya və Rusiya şirkətləri yer alır. Tümen (Rusiya Federasiyası) vilayəti ticarət-sənaye palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunacaq. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üzrə avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.

Ümumilikdə, əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, “СТЕ 2015” sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq. Bundan başqa, ARDNŞ və “BP” kimi neft şirkətləri suyun / torpağın təmizlənməsi və zəhərli tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim edəcəklər. Həmçinin, bu il sərgi çərçivəsində “Yaşıllaşdırma, Landşaft dizaynı və Bağ texnikası” adlı yeni sektor təqdim olunacaq.

Beləliklə, beynəlxalq “СТЕ 2015” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

www.bakuexpocenter.az